"Cari ildə parlament seçkilərinin keçirilməsi barədə zaman–zaman iddialar səsləndirilsə də, bu barədə hələ rəsmi açıqlama verilməyib. Mövcud reallıqları, dünyada və regionda baş verən sürətli hadisələri, ölkədə baş verən dəyişiklikləri nəzərə alsaq parlament seçkilərinin bu il keçirilməsi labüdləşir. Amma ölkədə konstitusion islahatlar aparmadan, seçkilərə ümumi münasibəti demokratik tələblərə uyğunlaşdırmadan parlament seçkilərinin keçirilməsi əhəmiyyətini itirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Azərbaycanda hakimiyyətin icraedici qolu daha möhkəmdir və digər iki qoluna, qanunverici və məhkəmə hakimiyyətinə ciddi nəzarəti və təsiri qalır:
"İlk növbədə bu disbalans, yaxud asılılıq ortadan götürülməlidir ki, seçkili qurumların, xüsusən də parlamentin keyfiyyətində, onun səmərəliliyində özünü göstərsin. Parlament sivil dövlətlərdə qanunverici orqan olmaqla yanaşı, siyasi qüvvələr arasında mübarizə məkanıdır. Bu gün Milli Məclisin tərkibində 11 siyasi partiyanın olması formalizmdən başqa bir şey deyil və həmin partiyaların nə parlamentdə, nə də cəmiyyətdə rolu yoxdur. Əvvəllər çoxpartiyalı parlament imitasiyası yaradılmışdir və parlamentdə az-çox təmsil olunan partiyalar həm daxili müzakirələrdə, həm də ictimai müzakirələrdə fərqli, müxalif mövqe ortaya qoya bilirdi. Əgər parlament siyasi sistemin indiki kimi dekorasiyası rolunu oynayacaqsa Milli Məclis seçkilərinin nə vaxt keçiriləcəyinin önəmi qalmır. Ancaq müasir dövrün çağırış və tələbləri, həyata keçirilən yenilənmələrin parlamentdən yan keçməyəcəyini söyləməyə əsas verir. Qarşıda isə bələdiyyə seçkiləri gəlir. Eyni zamanda noyabrda Azərbaycanda COP29 beynəlxaql tədbiri keçiriləcək. Bu tədbir zamanı ölkəyə 100 minə yaxın əcnəbinin gəlməsi gözlənilir. Azərbaycan höküməti bütün diqqət və resusrslarını daha çox COP29-un yüksək səviyyədə keçirilməsinə səfərbər edəcək. Ona görə də nəinki yay aylarında, ümumilikdə ilin sonunadək parlament seçkilərinə start veriləcəyini proqnozlaşdırmıram".
Süleyman