"Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdan vaxtından əvvəl çıxması ilə bərabər, Qazaxın 4 kəndinin azad edilməsindən sonra, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə aparan bütün addımlardan və razılaşmalardan sonra, proseslərin gedişatına maneçilik törədən qüvvələrin Ermənistandakı hücrələri hərəkətə gətirilir. Əslində Ermənistanda revanşizmi təbliğ edən qüvvələrin arxasında Fransa, İran, Hindistan, Yunanıstan, Rusiya kimi ölkələrin maraqları dayanır və onlar baş nazir Paşinyanın Azərbaycan tərəfi ilə hər hansı razılaşması və erməni xalqına xitabən həqiqətlər fonunda hansısa müraciətindən dolayı böyük narahatçılıq keçirirlər. Ölkədəki qüvvələrini hərəkətə gətirmək üçün sözsüz ki, bu hücrələrə böyük maliyyə vəsaiti ayırılır.
Əslində revanşist hücrələrin buna bənzər hay küyləri, baş qaldırmaları zaman zaman Ermənistanda olub və bu proses indi də davam edə bilər. Bunun da sülh danışıqları prosesinə az da olsa təsiri olacaqdır. Amma, artıq düşünürəm ki, Ermənistanda da anlayırlar ki, sülh danışıqları prosesi ləngiməməlidir və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi, kommunikasiya və digər sahələr üzrə olan məsələlər üzrə danışıqlar prosesi davam etməlidir və bundan sonra yekun sülh müqaviləsinin imzalanmasına gedən yol açılmalıdır.
Prezident İlham Əliyev də indiki danışıqlar prosesinə eyham vuraraq münbit şəraitin yaradılmasını və sülhün bərqərar olması üçün heç vaxt bu qədər yaxın olmadıqlarını vurğulayıb və bu onu göstərir ki, hər iki tərəf proseslərin davam etməsində maraqlıdır. Bu istiqamətdə işlər davam edəcək və kənar təsirlər də olacaq, amma, bu təsirlər sülh danışıqları prosesinə ciddi şəkildə təsir göstərə bilməz.
Çingiz Şahbazi, siyasi ekspert
Newscenter.az üçün