"Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi dost ölkələri sevindirdiyi kimi bizə qarşı dözümsüzlüyü olan ölkələri də kədərləndirib. Region üzərində oyun quran bir sıra ölkələr bu faktı qəbul edə bilmir. Əslində bu fakta ürəkdən sevinən Türkiyə daxil bir neçə ölkəni çıxmaqla az qala bütün regional və beynəlxalq güclər bundan sarsılıb".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə. Azərbaycan uzun illər "Qarabağ məsələsinin hərb yolu ilə həlli yoxdur" deyən ABŞ, Avropa, Rusiya və İran daxil bütün güclərin tələbinə baxmadan öz gücü ilə bu stereotipi qırıb, onların sözünü bir növ yerə salıb, avtoritetini heçə endirib:
"Göründüyü kimi qeyd edilən ölkələrin səfirləri belə işğaldan azad edilən ərazilərə getməməklə ölkələrinin mövqeyini açıq şəkildə göstərirlər. Azərbaycan isə onlar üzərində öz əzici siyasətini davam etdirir. Dost və qardaş Türk dövlətlərinin, eləcə də, bizim uğurlarımıza sevinən ölkə rəhbərlərinin Qarabağa səfərlərini təşkil etməklə həmin qaragüruhçu ölkələrə öz zərbələrini vurmağa davam edir. Bu səfərlər Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Orada gedənlərə göstərilən faktlar erməni vəhşiliyinin bilavasitə həmin şəxslərə göstərilməsi ilə əyani şəkildə fikir formalaşdırır. Dünya mediasına çətin də olsa çıxışı təmin edir.
Azərbaycan bu səfərlərdə dağıdılıb, talan edilmiş ərazilərin yenidən necə bərpa olunduğu qonaq dövlət rəhbərlərinə göstərilir. Həmin qardaş Türk ölkələrinin rəhbərləri də bu bərpa işlərində öz dəstəyini göstərərək məktəblər, sosial obyektlər, infrastruktur layihələri həyata keçirirlər".
Süleyman