Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarova bu gün Milli Məclisdə keçiriləcək Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının iştirakçıları ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonaqları Milli Məclisdə salamlamaqdan böyük məmnunluq duyduğunu deyən spiker Sahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının uğurlu olacağına, faydalı müzakirələr aparılacağına inamını ifadə edib.
Sahibə Qafarova qeyd edib ki, belə bir iclasın keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb və bu gün qardaş ölkələrin parlamentlərinin, Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan parlamentlərin təmsilçiləri buradadır. Eyni zamanda, həm Türk Dövlətləri Təşkilatında, həm də TürkPA-da müşahidəçi statusuna malik olan Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin nümayəndələri də burada iştirak edirlər. Spiker diqqətə çatdırıb ki, bu yaxınlarda biz parlamentimizdə Şimali Kipr parlamenti ilə əlaqələr üzrə işçi qrupu yaratdıq və bu göstərir ki, biz həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq.
Milli Məclisin sədri qeyd edib ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində təşkil olundu. Yenidən prezident seçilmiş cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimində yeni dövrdə Azərbaycanın qarşısında duran vəzifələrdən danışarkən, Türk dünyasını bizim ailəmiz adlandırdı, bizim başqa ailəmizin olmadığını bildirdi. Cənab Prezident Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinin Türk dünyasında mövcud olan əməkdaşlıq mexanizminin – Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, qlobal arenada vacib oyunçuya, güc mərkəzinə çevrilməsi olduğunu xüsusi vurğuladı. Bütün bunlar üçün lazım olan şərtlər mövcuddur. Çoxtərəfli əsasda əməkdaşlığımızın əsas mexanizmi isə Türk Dövlətləri Təşkilatıdır. Bu gün beynəlxalq səviyyədə parlamentlərin, parlament diplomatiyasının rolunun getdikcə artdığı bir dövrdə qardaş ölkələrimizin parlamentlərini eyni çətir altında birləşdirən Türk Dövlətləri Parlament Assambleyası xüsusi əhəmiyyətə malikdir.
Söhbət zamanı Milli Məclisin sədri deyib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırışlar qardaş ölkə parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin gücləndirilməsini labüd edir. Bu iclasın keçirilməsi zərurəti də buradan irəli gəlir. Bu gün dünyada olduqca gərgin proseslər baş verir, ölkələrimiz müxtəlif təzyiqlərlə, ikili standartlarla üzləşirlər. 30 il işğal altında qalmış torpaqlarını öz gücünə azad edən Azərbaycanın bu gün hansı təzyiqlərlə, hansı gizli planlarla üzləşdiyi göz önündədir.
Görüşdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay qonaqpərvərliyə görə təşəkkür edərək, Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının əhəmiyyətindən danışıb. Fuad Oktay diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüs parlamentlərimizin xarici əlaqələr komitələri arasındakı əlaqələrin institusional inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmə, qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. O, bu çərçivədə əməkdaşlığa verilən dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya və iştirakçı dövlətlərin parlament sədrlərinə minnətdarlığını ifadə edib. Fuad Oktay türk dövlətlərinin birlikdə olmasının vacibliyindən danışaraq, qeyd edib ki, güc birlikdədir.
Söhbət zamanı regionda baş verən proseslərə və Azərbaycan-Ermənistan münasibətlərinə dair də fikir mübadiləsi aparılıb. Bildirilib ki, sabah iclas iştirakçıları Şuşaya və Xankəndiyə də səfər edəcəklər.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Aydos Sarım, Qırğızıstan Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini xanım Leyla Lurova, Macarıstan Milli Assambleyanın üzvü Sandor Kovacs, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri xanım Dilorom Favziyeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri xanım Yasemin Öztürk, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman