Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında iştirak edəcək qonaqlar aprelin 25-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Newscenter.az xəbər verir ki, sonra nümayəndə heyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Nümayəndə heyətləri sonra 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər müşayiət ediblər.
Süleyman