Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə ümumrespublika kitab həftəliyi çərçivəsində Azərbaycan kitabları sərgilənib

Daşkənddə ümumrespublika kitab həftəliyi çərçivəsində Azərbaycan kitabları sərgilənib



Özbəkistan Respublikasında hər il təşkil edilən ənənəvi “Kitab həftəliyi” çərçivəsində Daşkənd şəhərində yerləşən tarixi “Turan” kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kitabları sərgilənib.

Newscenter.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə kitabxananın foyesində Azərbaycana aid kitablardan ibarət sərgiylə tanış olublar.

Sözügedən kitabxananın akt zalında davam edən tədbiri giriş sözü ilə açan kitabxananın təşkilati məsələlər üzrə məsul şəxsi Dilfuza Dursimatova Özbəkistanda keçirilən ənənəvi kitab həftəliyi haqqında məlumat verərək bu münasibətlə “Turan” kitabxanasının da silsilə tədbirlər təşkil etdiyini və bu tədbirlər çərçivəsində bir günün sırf Azərbaycan kitablarına həsr olunduğunu qeyd edib. D. Dursimatova “Turan” kitabxanası ilə sıx əməkdaşlıq etdiklərinə eləcə də bugünkü sərginin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev qeyd olunan kitab bayramı münasibətilə hər kəsi təbrik edərək belə bir təşəbbüsün çox gözəl bir ənənə olduğunu vurğulayıb. İki qardaş ölkə arasında mövcud əlaqələrdən söz açan N. Əlmirzəyev ölkə başçılarının bu münasibətlərin yüksək səviyyədə olmasına xüsusi diqqət yetirdiklərini, ələlxüsus da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasətdə qardaş türkdilli dövlətlərlə münasibətlərin prioritet olduğunu qeyd edib. N.Əlimirzəyev Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən100-dən çox özbəkdilli nəşrin həyata keçirildiyini bildirərək bu nəşrlərin Özbəkistanın müxtəlif kitabxanalarına qarşılıqsız olaraq verildiyini, özbək oxucusuna çatdırıldığını da vurğulayıb. “Turan” kitabxanasına əməkdaşlıq etdikləri üçün təşəkkürünü bildirən N.Əlimirzəyev bundan sonra da sıx əməkdaşlığa daim hazır olduqlarını bildirib.

Daha sonra çıxış edən Daşkənd şəhər Şayxantohur rayonu Mədəniyyət Mərkəzinin direktoru Abdulqayim Akbarov Özbəkistanla Azərbaycan xalqları arasında mövcud olan qədim və sıx ədəbi-mədəni əlaqələrdən söz açaraq günümüzdə bu əlaqələrin daha da yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Azərbaycan mədəniyyətinin zənginliyindən söz açan Abdulqayim Akbarov özbək xalqı tərəfindən bu zəngin, mədəniyyətə hər zaman böyük marağın olduğunu qeyd edib.

Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə kitabın bəşər tarixində önəmli yer tutduğunu vurğulayaraq mədəniyyətin ən vacib bir hissəsi olduğunu da qeyd edib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdıran K.Məmmədzadə bu münasibətlə Azərbaycan Mədəniyyət Mərkəzinin bir çox layihələr həyata keçirdiyini və bunlardan ən vacibinin isə dahi şairin əsərlərindən ibarət iki cildliyin özbək dilində nəşrə hazırlandığını bildirib.

Daha sonra çıxış edən şairə-jurnalist Nazira Aripova Azərbaycan ədəbiyyatından söz açaraq sərgilənən kitablar arasında bu ədəbiyyat nümayəndələrinin dəyərli əsərlərinin də yer aldığını vurğulayıb.

Sonda tədbir iştirakçılarının istəklərinə əsasən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə tərcümə və çap edilmiş tanınmış azərbaycanlı şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcüməsindən ibarət “Xurshidga yetar boshim” (Günəşə çatar başım) adlı kitab haqqında K. Məmmədzadə tərəfindən geniş məlumat verilib.

Qeyd edək ki, tarixi “Turan” kitabxanası Özbəkistanın tarixi kitabxanasıdır, sözügedən kitabxanada Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycana həsr edilmiş daimi guşə də vardır.

Süleyman
Xəbəri paylaş