Məlumdur ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forum bu Universitetin təşkil etdiyi sayca 6-cı Siyasət Forumu oldu. İldə iki dəfə keçirilən və hər dəfə də müxtəlif səviyyəli olduqca əhəmiyyətli məsələlərin müzakirə olduğu forum bu dəfə də iştirakçıların tərkibi və müzakirə olunan məsələlərin aktuallığı baxımında xüsusi maraq doğurdu.
2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilməsi təbii olaraq forumun da məhz bu mövzu ətrafında müzakirələrə həsr olunmasını labüd edirdi. Məlumdur ki, ADA Universiteti aidiyyəti beynəlxalq təsisatlarla birgə təlimlərin, konfransların və tədqiqatların təşkil edilməsi ilə COP29 Təşkilat Komitəsinin akademik tərəfdaşı qismində çıxış edir. Forumda da qeyd olunduğu kimi Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir.
Forumu xüsusi olaraq əhəmiyyətli edən vacib məqamlardan biri də Cənab İlham Əliyevin ənənəvi olaraq bu forumlarda iştirak etməsi və çoxsaylı sulları cavablandırması ilə bağlıdır. Prezidentin çıxışı ölkəmiz haqqında real həqiqətləri çatdırmaq və müxtəlif məsələlərə dair baxışları birinci şəxsin dilindən eşitmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında son Forumdan sonra ölkədə və regionda baş verən hadisələrə xüsusi diqqət çəkərək Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası haqqında məlumat verdi. Dövlət başçısı həmçinin COP29-a hazırlığın fəal mərhələsində olduğumuzu, yaxşı nəticələr əldə etmək üçün olduqca fəal və səmərəli şəkildə işlərin təşkil olunduğunu bildirdi.
Cənab Prezident həm çıxışı zamanı, həm də iştirakçıların suallarını cavablandırarkən təkcə beynəlxaq ictimaiyyəti deyil, o cümlədən Azərbaycan ictimaiyyətini də maraqlandıran suallara cavab vermis oldu. Avrasiya İqtisadi İttifaqı ilə münasibətlər toxunan ölkə başçısı Azərbaycanın şaxələndirilmiş iqtisadiyyata və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olduğunu bildirərək bunun bizə kifayət etdiyini bildirdi. Prezident həmçinin Aİİ üzv dövlətləri arasında vaxtaşırı iqtisadi fikir ayrılıqlarının meydana gəldiyinə də toxundu və ölkəmizin çəkişmə vəziyyətində olmaq və ya iqtisadi tərəfdaşlarımıza xələl gətirə biləcək addımlar atmaq məcburiyyətində qalmaq istəmədiyini bəyan etdi.
Həqiqətən də Ermənistan istisna olmaqla Aİİ üzv ölkələri ilə kifayət qədər yaxşı iqtisadi münasibətlərdə olmağımız, ittifaqdakı türk dövlətləri ilə istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində müttəfiqlik münasibətlərimizin olması indiki dönəmdə Avrasiya İqtisadi İttifaqında üzvlüyü lüzumsuz edir və prezident də hazırda belə bir planlarımız yoxdur deməklə bu məsələyə konkret mövqeyini ortaya qoydu.
Forumda Azərbaycanın yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərb arasında körpü roluna da diqqət yönəldildi. Belə ki, Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir”.
Forumda ən maraq doğuran məsələlərdən biri də cənab Prezidentin sülh sazişinin imzalanması və sürətli delimitasiyanın Ermənistan üçün yeni iqtisadi imkanlar aça biləcəyi ilə bağlı dedikləri oldu. Preziden rəsmi olaraq bəyan etdi ki, sülh sazişindən sonra müraciət olacağı halda Azərbaycan Ermənistana təbii qaz satışını da həyata keçirə bilər.
Prezident faktiki olaraq Gürcüstan örnəyi ilə hətta qonşu ölkə kimi Ermənistana təbii qazın güzəştli qiymətlərlə satıla biləcəyinə də eyham vurdu. Sözsüz ki, Rusiya enerji resurslarından tamamilə asılı vəziyyətdə olan və buna Azərbaycandan başqa alternativ enerji qaynağı tapmaq şansından məhrum Ermənistan üçün bu olduqca sərfəli variantdır. Ona görə də, Ermənistan parlamentinin spikeri Alen Simonyanın buna dərhal reaksiya verərək “Rəsmi İrəvan Azərbaycandan təbii qaz idxalı ilə bağlı məsələni müzakirə etməyə hazırdır” bəyanatı ilə çıxış etdi.
Təbii ki, Ermənistanın regional layihələrdə iştirakı, tranzit ölkəyə çevrilməsi məhz Azərbaycandan asılıdır. Bunun tək yolu isə Azərbaycanla sülh sazişindən keçir və cənab Prezident də bu məqamları qeyd edərək Ermənistana düşdüyü durumdan çıxmaq üçün faktiki yol xəritəsi təqdim etdi.
Bütün sadalananları ümumiləşdirərək demək olar ki, keçirilmiş forum bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından, beynəlxaq birliyə Azərbaycanın mövqeyinin çatdırılması baxımından, eləcə də həm Ermənistana, həm də Cənubi Qafqaz maraqlarını təmin etməyə çalışan bütün qüvvələrə mesajların verilməsi baxımından əhəmiyyətli oldu.
Yusif Bağırzadə, politoloq
Newscenter.az üçün