Ermənistandakı etirazlar əslində Paşinyanın əleyhinə deyil, bu indiyədək ermənilərin beyninə yeridilmiş uydurma ideologiyanın süqutu ilə barışmayanların aksiyasıdır. "Böyük Ermənistan" ideyası artıq iflasa uğrayıb, ona xərclənən milyardlarla vəsait effektsiz olub, sərf olunan zaman puça çıxıb, insanların ümidi qırılıb, şok vəziyyətinə düşüblər. Erməni xalqı uzun illər yalanla idarə olunduğunu qəbul etmək zorundadır. Bu isə asan deyil və narazılıqlarla müşayiət olunmalıdır. Məsələyə nəzəri baxımdan yanaşsaq, hətta bundan da kütləvi aksiyalar, kütləvi talanlar olmalı idi.
Onlar yalan və doğru arasında seçim etməlidirlər: şirin yalanlarla əzab-əziyyət içərisində yaşamaq, yaxud acı həqiqəti qəbul edərək qonşularla münasibətləri tənzimləyərək inkişaf yolunu seçmək. Ermənistanda gedən prosesləri əvvəlcədən izləsək görərik ki, Paşinyan çox ciddi şəkildə Qərb tərəfindən müdafiə olunur. Bu ölkədə baş verənlər, təkcə ölkəiçi düşüncənin məhsulu deyil.
Ona görə də indiki etiraz aksiyalarının Paşinyan hökumətinə hər hansı ciddi təhdid yaradacağını düşünmürəm. İşğal etdiyi Qarabağ və ətraf rayonlar kimi böyük bir ərazinin itirilməsi ilə devrilməyən Paşinyan hakimiyyətinin 4 kəndə görə istefaya məcbur edilməsi heç inandırıcı deyil.
Müəllim Rəhimli, politoloq
Newscenter.az üçün