Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup hərbçinin qoşulması hökumətə qarşı qiyamın əlaməti sayıla bilər. Ermənistan Müdafiə Nazirliyi həmin hərbçilərin kimliyini müəyyənləşdirməyə çalışır. Baş nazir Nikol Paşinyan tələsməlidir. Əgər həmin hərbçilər özbaşınalıqlarına görə cəzalandırılmasalar, başqa hərbçilər də etiraza qoşulacaqlar.
Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar. İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrində aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar.
Elxan Şahinoğlu-politoloq