Şuşadan olan soydaşlarımızı da təbrik etmək vaxtı yetişdi. “Böyük Qayıdış” Proqramına uyğun olaraq öz doğma yurdlarına köçmək sırası Şuşadan olan keçmiş məcburi köçkünlərə də çatdı. Belə ki, Prezident İlham Əliyevin tapşırığı əsasında, tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Bununla əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında artıq püşkatma da keçirilib. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.
Yeri gəlmişkən, bu da xüsusi qeyd olunmalıdır ki, ilk püşkatma məhz şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib. Onlar Şuşa şəhərində çoxmənzilli binalarda evlə təmin olunacaqlar. Heç şübhəsiz ki, şuşalılar Qayıdışın başlanması xəbərini çox böyük sevinc hissi ilə qarşılayıblar. Onların sevinc hisslərinə hər birimiz şərikik. Çünki işğaldan azad edilmiş torpaqlarımıza yenidən sahiblənməyimiz hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Mədəniyyət paytaxtımız olan Şuşaya qayıdışımızın gerçəkləşməsi isə ilk növbədə düşmənlərimizi yasa batıracaq. Bu baxımdan Şuşaya qayıdış həm də siyasi, psixoloji anlam daşıyır. Şuşaya qayıdışımız düşmənin belini qıracaq hadisədir. Böyük Qayıdışın hər bir mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin təsdiqinə çevrilir.
Laçınlı, zəngilanlı, ağdamlı, cəbrayıllı, füzulili soydaşlarımızdan sonra indi də sıra şuşalılarındır. Ona görə də bu gün şuşalıları ürəkdən təbrik edir, onlara “Qayıdışınız mübarək olsun!” deyirik. Evləriniz həmişə abad olsun, ocaqlarınız gur yansın, əziz şuşalılar. Bundan sonra nə Şuşaya, nədəki digər torpaqlarımıza bir daha heç vaxt düşmən ayağı dəyməsin. Öz canlarını qurban verməklə Böyük Qayıdışı həsrətdən gerçəkliyə çevirən müqəddəs şəhidlərimizin ruhları da şad olsun. Bəli, Şuşaya qayıdış şəhid ruhlarını da sevindirəcək.
İnşAllah tezliklə Qubadlıya, Kəlbəcərə, Xankəndiyə, Xocalıya, Xocavəndə də qayıdışımız baş tutacaq. İndi “Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun şücaəti ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura ikinci nəfəs vermək, erməni vandalları tərəfindən dağıdılan, talan edilən şəhər və kəndlərimizin dirçəlişinə nail olmaq üçün bütün qüvvələr səfərbər edilib. “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək. Böyük Qayıdış sürətli inkişafımızın açarı deməkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri