"Ən pis sülhün müharibədən yaxşı olduğu gerçəyinə söykənərək Zelenskinin Sülh Sammiti zamanı Rusiya ilə sülhə nail olmasının mümkünlüyü ilə əlaqəli fikrinə haqq qazandırmaq olar. Keçiriləcək sammit əgər sülh üçün keçirilirsə, ona hazırlaşarkən də məqbul ritorika işlədilməsi normaldır. Təbii ki, müharibənin indiki gedişatı və tərəflərin ciddi şəkildə silahlanması fonunda sülhün mümkünlüyü asan görünməsə də, hesab etmək olar ki, hələlik sülh çətin məsələdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, ABŞ tərəfindən Ukraynaya ayrılan 61 milyard dollar yardımın verilməsi ilk növbədə Rusiyanı sülhə məcbur etmək kimi də dəyərləndirilə bilər:
"Əslində bu o deməkdir ki, Qərb Ukraynanı Rusiya qarşısında tək qoymayacağı mesajını verir. Müharibə nə qədər Ukraynanın istəyinə uyğun olmasa da, məcburən də olsa ərazilərini bərpa etmək üçün müharibəni davam etdirməlidir. Rusiyanın da öz istəyi ilə işğal etdiyi ərazilərdən çıxmaq fikri yoxdur. Odur ki, müharibə tərəflərdən biri qəti şəkildə məğlub olduğunu hiss etdikdə başa çata bilər. Bunun üçün isə hələlik şərait yetişməyib. Müharibədə hansı tərəfin qalib gəlməsi isə beynəlxalq konyukturdan asılı olacaq".
Süleyman