Azərbaycanın İkinci Dünya Müharibəsində faşizm üzərindəki qələbəyə mühüm töhfəsi böyük maraqla qarşılanıb.
Newscenter.az xəbər verir ki, Rusiyada yaşayan ictimai fəal, Əfsanə Haxverdiyevanın bu ölkənin Krasnoyarsk diyarının Kansk şəhərində 9 May Qələbə Günü münasibətilə keçirdiyi tədbirdə Azərbaycanla bağlı təqdim etdiyi faktlar xüsusi marağa səbəb olub.
Əfsanə Haxverdiyeva qeyd edib ki, 1941-ci il müharibənin birinci həftəsində Azərbaycanda 40 min nəfərdən çox oğlan və qız cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə veriblər. Avqust ayına kimi 123 min azərbaycanlı xalq qoşunu dəstələrinə yazılıb: “Ümumiyyətlə 1941-1945-ci illərdə Azərbaycandan 640 min nəfərədək adam, o cümlədən 10 min nəfərdən çox qadın səfərbər edilib göndərildi. Azərbaycanda 402-ci, 223-cü, 416-cı, 271-ci milli atıcı diviziyalar təşkil olundu.
Bakı sovet ordusunun mühüm cəbbəxanalarından biri idi. Azərbaycan neftçiləri müharibə illərində cəbhəyə 75 milyon tona yaxın neft verdilər. Sovet hərbi təyyarələrinin benzininin 90 faizini Bakı verirdi. Azərbaycanın dəmiryol nəqliyyatçıları 1 milyon 300 min vaqon və 600 min sistern, Xəzər dəniz gəmiçiləri 20 milyon ton hərbi və təsərrüfat yükləri daşıdılar. Azərbaycan əhalisi təkcə 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş vermişdi”.
Əfsanə Haxverdiyeva vurğulayıb ki, Azərbaycanın görkəmli kimyaçı alimi Yusif Məmmədəliyevin rəhbərliyi ilə respublikamızda yüksək keyfiyyətli təyyarə benzini istehsalının orijinal və daha səmərəli texnologiyası işlənib hazırlandı. Mustafa Topçubaşov və tələbələri hərbi cərrahiyyədə yeni səmərəli üsullar işləyib hazırladılar və minlərlə yaralı döyüşçünü həyata qaytardılar: “Minlərlə azərbaycanlı oğlan və qız ön cəbhədə döyüşürdü. Pulemyotçu İdris Vəliyev Borodino çölündə təkbaşına 50-dən çox düşmən əsgərini məhv etdi. Daha bir döyüşçümüz İsrafil Məmmədov Novqorod yaxınlığındakı Pustınka kəndində 71 alman əsgər və zabitini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı oldu. Qafur Məmmədov Tuapse uğrunda döyüşlərdə 13 faşisti öldürüb öz komandirini həyatı bahasına ölümdən xilas etdi. Bu qəhrəmanlıqlarına görə ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Eyni zamanda general Həzi Aslanov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Ziya Bünyadov habelə digərləri öz şücaətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Azərbaycandan ümumilikdə 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə, 176 min nəfər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdilər”.
O, vurğulayıb ki, Azərbaycan xalqı öz qəhrəmanlarının xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə çalınmasında əvəzsiz rol oynayıb. Xalqımız qəhrəmanlarının xatirəsini heç vaxt unutmayacaq, daim əziz tutacaq.
Anar TAĞIYEV
Newscenter.az üçün