İrəvanda səfərdə olan və Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edən ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib ki, "Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir. Biz ATƏT olaraq tərəflərlə daha çox işləməyə və humanitar məsələləri dəstəkləməyə hazırıq”. ATƏT sədrinin bu sözləri heç şübhəsiz ki, əzbərlənmiş, şablon açıqlamadan başqa bir şey deyil.
Maltanın xarici işlər və ticarət naziri olan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq sabah da (mayın 14-də) Azərbaycana səfər edəcək və yəqin ki, eyni standart sözləri Bakıda da səsləndirəcək. Çünki Avropadan gələn yüksək rütbəli şəxslər bu cür trafaret xarakterli çıxışlar etməyə öyrəncəlidirlər.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrlərinin fəaliyyəti də illər boyu quru, qeyri-səmimi bəyanatlar verməkdən o yana keçməyib:
"Həmçinin ATƏT-in bədnam Minsk Qrupunun həmsədrləri də işğal dövründə Azərbaycanla Ermənistan arasında münaqişəni həll etmək, müharibəyə son qoymaq əvəzinə turist-diplomatlar kimi hərəkət edir və münaqişənin Ermənistanın xeyrinə dondurmağa, torpaqlarımızın işğalını əbədiləşdirməyə çalışırdılar.
Bu mənada Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxışında məhz bu məqama toxunarkən haqlı olaraq bildirdi ki, Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi: “Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.
Komitə sədri təəssüf hissi ilə qeyd edib ki, aradan 32 il keçməsinə baxmayaraq ATƏT-in yüksək rütbəli şəxslərinin şablon ritorikası hələ də dəyişməyib:
"Onlar əvvəlki kimi bu gün də "Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmağın ATƏT üçün əsas prioritet olaraq qaldığını” bildirirlər. Lakin əməli fəaliyyətləri isə sıfırdır. ATƏT Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmağı özü üçün həqiqətən də prioritet hesab edirsə, o zaman ilk növbədə bu gün Ermənistana öldürücü silahlar verən, Ermənistanda revanşistlərin baş qaldırmasına şərait yaradan Fransa kimi qızışdırıcı ölkələri dayandırmalıdır. Qoy, fəaliyyətdə olan ATƏT sədri sülhə sözdə yox, real surətdə töhfə versin".
Süleyman