2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra xalqımızın torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış, eyni zamanda viran qoyulmuş Qarabağ və Şərgi Zəngəzur bölgələrində yerləşən rayonların bərpa, yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı.
Keçdiyimiz dörd ilə yaxın müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Doğrudan da Cənab Prezident söz verdiyi kimi, doğma Qarabağımızın cənnətə çevrilməsi istiqamətində çox böyük əməli işlər görür. Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır.
Keçdiyimiz günlərdə, 10-11 may 2024-cü il tarixlərində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti səfərləri bu torpaqlarda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında ortaya qoyduğu qətiyyətinin göstəricisidir.
Səfər çərçivəsində inşası davam edən yeni infrastruktur layihələri ilə tanışlıq, xüsusilə Şuşa şəhərinin abadlaşdırılmasının sürətlə davam etdirilməsi, artıq 32 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərlərinə qayıdışı Qarabağımızın nəinki Azərbaycanın, eyni zamanda dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi istiqamətində atılmış növbəti addım idi.
Ümumiyyətlə, Şuşada təmir-bərpa işlərinə 2021-ci ilin yanvar ayının 14-dən etibarən başlanılıb, şəhərin baş planı təsdiq olunaraq bütün işlər operativ qaydada həyata keçirilib. Burada uzun müddətdən sonra “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi, Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa, Saatlı, Mamayı məscidlərinin, bir sıra abidələrimizin yenidənqurma işlərindən sonra açılışı Azərbaycanın mədəniyyət tarixinə göstərilmiş diqqətin bariz nümünəsi və ölkə başçısının vurğuladığı kimi, “savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəslimiz”, bütövlükdə Azərbaycan xalqı üçün iftixar hissidir.
Bu gün Şuşanı azad görmək və günbəgün yeniləşməsinin şahidi olmaq hər bir vətənpərvər azərbaycanlını qürurlandırır. Xüsusilə xalqımızın Ulu Öndərinin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmələri, daha sonra şəhərə qayıdan ilk sakinlərlə görüşmələri Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin ruhuna olan sonsuz ehtiramdır.
Beləliklə, əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhəri öz şərəfli inkişaf dövrünü yaşamaqdadır. Bu inkişaf Azərbaycan Prezidentinin “Çiçəklənən Azərbaycanımız dünyaya nur saçır, sülh və əmin-amanlıq uğrunda mübarizə aparır” sözlərini əməli işdə təsdiq edir, eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları ilə yanaşı, bütövlükdə Azərbaycanın davamlı inkişafının təmin olunmasına, Cənubi Qafqazda sülhün əbədi olaraq qalmasına öz faydasını verəcəkdir.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etmələri tolerant və multikultural Azərbaycanın dünyada yalnız sülh və əmin-amanlığın carçısı olduğuna çağırış kimi qiymətləndirilməlidir.
Bu gün heç bir qüvvə yumruq kimi birləşən Azərbaycan xalqının qarşısında dura bilməz. Azərbaycanın formalaşmaqda olan yeni nəsli Prezident İlham Əliyev və Azərbaycanın qəhrəman övladlarının ərazi bütövlüyü, suverenliyimizin bərpası uğrunda gördüyü işləri daim qoruyacaq, Şuşanı həm ölkəmizin, həm də İslam dünyasının mədəniyyət paytaxtı olaraq bütün xalqların sülh məkanına, burada keçiriləcək daha böyük qlobal tədbirlərlə isə hər bir insanın qürur və sevinc mənbəyinə çevirəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı