Keçən ilin 7 oktyabrından İsrailin Qəzzaya qarşı başladığı əməliyyat Fələstini bir dövlət kimi tanımaq niyyətində olan ölkələrin sayını artırıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, artıq Avropa ölkələrində də Fələstini dövlət kimi tanınması istiqamətində addımlar atılır.
Belə ki, İspaniya, İrlandiya, Malta və Sloveniya kimi ölkələr “müvafiq şərait yarandıqda” Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər. Bu, Fələstin Dövlətinin beynəlxalq səviyyədə daha çox tanınmasını təmin edəcək mühüm addım hesab olunur.
Həmçinin, BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT TŞ-də yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib.
Sözügedən qərar Fələstinə BMT-yə tam üzvlük haqqı verməsə də, bir çox BMT üzvünün dəstəyini göstərdiyi üçün vacibdir.
Qeyd edək ki, BMT-nin 193 üzvündən 139-u Fələstin dövlətini tanıyıb.
Bu vaxta qədər isə Türkiyə, Hindistan, ərəb dünyasının böyük hissəsi, bəzi Mərkəzi və Şərqi Avropa ölkələri də eyni addımı ataraq müstəqil Fələstin Dövlətini tanıyıblar.
2010-cu ilin sonu və 2011-ci ilin əvvəlində, Yaxın Şərqdə sülh prosesinin böhranlı olduğu bir vaxtda Argentina, Braziliya və Çili kimi Cənubi Amerika ölkələri Fələstinə dəstəklərini açıq şəkildə bəyan ediblər.
İsveç isə Qərbi Avropada Fələstini tanıyan ilk ölkə olub.
Mehman Mehdiyev