Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının final mərhələsinin nəzəri hissəsi mayın 16-da keçiriləcək.
Newscenter.az xəbər verir ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda-287 nömrəli Zəkalar liseyi, Məktəb-Lisey Kompleksi, 2 nömrəli Texniki Humanitar Liseyi, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi, 291 nömrəli Ekologiya liseyi, 220 nömrəli məktəb-lisey və 272, 233, 129, 80, 280, 27, 53, 267, 194, 254, 24, 180, 42, 202, 322, 191, 169, 264 nömrəli tam orta məktəblərin komandaları final mərhələsində iştirak edəcək.
IX və X sinif şagirdləri arasında keçiriləcək olimpiadanın final mərhələsinin nəzəri hissəsi Məktəb-Lisey Kompleksində təşkil olunacaq.
Olimpiadanın final mərhələsinin ilk turunda komandalar 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli (nəzəri) tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli (nəzəri) tapşırıq) cavablandıracaqlar.
Mayın 17-də Bakı Ali Neft Məktəbində keçiriləcək final mərhələsinin II turunda isə məktəblilər 4 saat ərzində hər fənn üzrə (fizika, kimya, biologiya) 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirəcəklər.
Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.
R.Mehdiyeva