İsrailin hücumları səbəbindən Rəfahı tərk edən fələstinlilərin sayı 360 minə yüksəlib.
Newscenter.az bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasında qeyd edilib.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabından Rəfah və Qəzzanın şimalındakı vəziyyətlə bağlı açıqlama verib. Açıqlamada qeyd edilib ki, mayın 6-dan bu yana 360 minə yaxın insan Rəfahdan çıxmalı olub.
Açıqlamada Qəzzanın şimalında Cibaliya Qaçqınlar Düşərgəsi başda olmaqla, hücumlara da diqqət çəkilərək, "Qəzzanın şimalındakı bombardmanlar və digər evakuasiya əmrləri minlərlə ailə üçün daha çox köçkünlük və qorxu yaratdı", -deyə vurğulanıb.
Xatırladaq ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.
Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.
Mehman Mehdiyev