Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (STMKS) fakültəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-la bağlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi, Ekologiya, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, Meliorasiya və su təsərrüfatı tikintisi kafedraları tərəfindən müştərək təşkil olunub.
Tədbiri açıq elan edən Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov qeyd edib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi böyük uğurdur. Noyabr ayında keçirilməsi nəzərdə tutulan tədbirlərə hazırlıq məqsədi ilə artıq ölkəmizdə silsilə tədbirlər keçirilir. Bizim də bu gün fakültədə təşkil etdiyimiz tədbir bu mötəbər beynəlxalq mərasimə həsr olunub. Professor COP29-la bağlı xüsusi qrupun da yaradıldığını, həmin qrupa universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayevin rəhbərlik etdiyini bildirib.
“Sukanal” Elmi-Tədqiqat İnstitutunun Hidroloji tədqiqatlar şöbəsinin mühəndisi Ceyhunə Məmmədova “Layihə idarəetməsinin əsasları” adlı məruzəsində layihə, layihənin əsas komponentləri, layihə məlumatları və məlumat bazası, layihə idarəetməsinin tarixi, əsas elementləri, biznes sənədlərlə iş məsələsi, layihə menecerinin roluna toxunub.
Sonra digər çıxışlara keçilib. İnstitutun Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsinin böyük elmi işçisi Məmməd Hüseynzadə “Tullantı suları və onların çöküntü riskinin idarə olunması”, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Məhəmməd Hümbətovun “Sənaye çirkab sularının flüordan və asılqan hissəciklərdən təmizlənməsi üsulları” mövzularında məruzələri dinlənilib.
Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda Meliorasiya Elmi Tədqiqat İnstitutunun doktorantı Fuad Cavadzadənin müəllifi olduğu “İstehsalat mühəndisləri üçün sorğu kitabı” nın təqdimatı keçirilib. Qeyd edilib ki, kitab mexanika, energetika və avtomatika sahələri ilə əlaqədar layihə, istismar və keyfiyyətə nəzarətə dair məsələləri əhatə etməklə yanaşı, enerjinin optimallaşdırılması üzrə xüsusi bir bölməni də özündə ehtiva edir və istehsalatda işləməyə hazırlaşan gənc mütəxəssislərə bilik və bacarıqlarını bu istiqamətlərdə təkmilləşdirməyə imkan yaradır.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən bəri hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Fərqli ölkələrin ev sahibliyi ilə təşkil olunan beynəlxalq tədbirin 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək paytaxtımız Bakıda keçiriləcək.
Anar Əliyev