"İran prezidenti İbrahim Rəisi başda olmaqla bu ölkənin bir neçə yüksək səviyyəli rəsmisinin helikopterin qəzaya uğraması nəticəsində həlak olması Azərbaycan dövləti və xalqını da sarsıltdı. Bu təbii ki, İran dövləti üçün böyük itkidir. Bəzi maraqlı dairələr qəza ilə bağlı müxtəlif versiyalar, iddialar irəli sürsələr də, ancaq İranın rəsmi dairələri qəzaya pis hava şəraitinin səbəb olduğunu israrla vurğulayırlar. Hesab edirəm ki, qəzaya səbəb olan amil məhz hava şəraitidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Qəza xəbəri yayılandan dərhal sonra Azərbaycan dövləti və qardaş Türkiyənin İslam Respublikasına yardım təklifi etməsinə diqqət çəkən Arzuman Muradlının sözlərinə görə, bu hadisə ilə bir daha Bakı və Ankaranın nə dərəcədə humanist dəyərlərə sadiq olduğunu nümayiş etdirdi:
"Hadisə baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması İranın müvafiq dövlət qurumunun diqqətinə çatdırıldı. Eyni zamanda, qəzaya uğramış helikopterin qalıqları, qəza baş verdiyi ərazi məhz Türkiyə istehsalı olan "Akınçı" PUA-sı vasitəsilə aşkarlandı. Bu iki fakt onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə hər zaman dostluq və qonşuluq münasibətlərinə sadiq olub".
İctimai Birlik sədrinin sözlərinə görə, erməni mediası və Fransa mətbuatı ciddi cəhdlə qəzaya təxribatın səbəb olduğu barədə rəy formalaşdırmağa çalışır ki, burada da əsas məqsəd Azərbaycanı zərbə altında qoymaqdır.
Süleyman