Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub

Özbəkistanda “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub


Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Daşkəndin Tələbələr şəhərciyi parkında təşkil edilmiş “XX Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub.

Newscenter.az xəbər verir ki, festivalda Özbəkistandakı müxtəlif ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər, Daşkənd şəhər sakinləri iştirak ediblər.

Tədbirdə Türkiyə, Qazaxıstan, Əlcəzair, Rusiya, İran, Belarus, Banqladeş, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan və s. ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmiz bu tədbirdə təmsil edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli stendini təşkil ediblər.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin mədəniyyəti, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlara plov, dolma, qutab, dovğa, və şirniyyatlarımız təklif edilib.

Festivalda iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.

Festival çərçivəsində təşkil edilən konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Festivalda iştirakına görə Azərbaycan stendi xüsusi diplomla təltif edilib.

Qeyd edək ki, Beynəlxalq Mətbəx Festivalda satışı təşkil edilən yeməklərdən, suvenirlərdən əldə olunan gəlir ənənəvi olaraq Özbəkistanda fiziki qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərinə hədiyyə edilir.

Süleyman
Xəbəri paylaş