Almaniya hökuməti ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərindən Ukraynaya yardım üçün istifadə etməyi məqbul sayır.
Newscenter.az Bloomberg-ə istinadən bildirir ki, söhbət 50 milyard dollarlıq yardım göstərmək üçün sözügedən aktivlərdən gələcək gəlirlərdən gedir.
Agentlik mənbələrinin məlumatına görə, ABŞ-ın son təklifi Avropa paytaxtlarında, o cümlədən Berlində daha müsbət qarşılanıb. Çünki bu, əsas məbləği geri götürmədən aktivlərdən əldə edilən faizlərin istifadəsini nəzərdə tutur.
ABŞ-ın təklifinin mayın 23-dən 25-dək İtaliyada keçiriləcək Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə əsas müzakirə olacağı gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-ın payına düşür.
Mehman Mehdiyev