"İran Prezidenti İbrahim Rəisinin ölümünü beynəlxalq güclərlə İranın əməkdaşlığı prizmasından analiz etsək, həm Rəisinin İlham Əliyevlə görüşdə qeyd etdiyi bizim əlaqələrin inkişafından narahat olan qüvvələr fikri, həm də İran Prezidentinin bir neçə gün öncə Qətərdə qeyd edildiyi kimi ABŞ-la gizli görüşü faktları məsələlərə işıq sala bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, İranın hər zaman Qərblə pərdə arxasında bir olduğu gerçəyi qeyd edilir:
"İran rejimi də Qərbin layihəsidir. İranda son iğtişaşların da İrandaxili hakimiyyət qruplaşmalarının hakimiyyətdə qalmaq üçün Qərbə daha çox mesaj vermək istəyi kimi dəyərləndirilirdi. Bu baxımdan idi ki, İran azərbaycanlıları bu iğtişaşları azadlıq mübarizəsi yox, hakimiyyətdaxili çəkişmə hesab etdikləri üçün oyuna qatılmırdılar. Qərb İranda hansı qruplaşmaya dəstək verəcəyini dəqiqləşdirmək üçün, yəni hakimiyyətdə qalacağını yəqin etmək üçün həm götür-qoy edir, həm də onlara vaxt verirdi. Səbəb isə İranın Ali dini lideri Xamneyinin yerinə kimin gəlməsi məsələsi idi. Onda Xamneyinin vəziyyəti pis idi. Hətta rəhmətə getdiyi belə deyilirdi".
Azər Qasımov qeyd edib ki, deyilənlər fonunda İran Prezidenti Rəisi ABŞ-la gizli görüşür:
"O, dini liderin yerinə ən layiqli namizəddir. Amma... Gizli görüşü ABŞ açıqlayır. Bunu açıqlamala ABŞ Rəisini hədəf halına gətirir. Görünən odur ki, Rəisi ABŞ-ın qarşıdurma planlarının əleyhinə gedib.
Bundan sonra Rəisi Xudafərində verdiyi bəyanatla əslində Qərbə mesaj verir ki, sizlər narahat olsanız da, biz sizin Yaxın Şərq, Cənubi Qafqaz regionlarında olan dağıdıcı planlarınıza zərbə vuracayıq. Artıq kartlar açılır. Sonra isə helikopter qəzası".
Anar Əliyev