Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2023-cü ili 10 milyon 169 min manat mənfəətlə başa vurub.
Newscenter.az Partiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 6,8 % azdır.
Ötən il YAP-ın gəlirləri 32,929 manat (əvvəlki illə müqayisədə 22,9 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 29,674 milyon manat (29,1 % çox), əmlakından gəlirləri 20 min manat (12,1 dəfə az), tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, buna bənzər digər fəaliyyətlərdən gəlirləri 519 min manat (54 % çox), ianələrdən gəlirləri 1 min manat (12,5 dəfə az), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 2,389 milyon manat (0,6 % az), digər gəlirləri isə 327 min manat (60,4 % az) təşkil edib.
Hesabat dövründə Partiyanın xərcləri isə 22,76 milyon manat (43,35 % çox), o cümlədən cari xərcləri 1,128 milyon manat (24,8 % az), saxlanma və informasiya təminatı xərcləri 18,463 milyon manat (35,7 % çox), ictimaiyyətlə əlaqələr və seçkilərin keçirilməsi xərcləri 250 min manat (əvvəlki il olmayıb), fərdi xərcləri 91 min manat (32,6 % az), sair xərcləri isə 2,828 milyon manat (4,45 dəfə çox) olub.
Bu il yanvarın 1-nə YAP-ın aktivləri 56,07 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 41,4 % azalaraq 75 min manata düşüb, balans kapitalı isə 38,2 % artaraq 55,996 milyon manata çatıb.
Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 730 min üzvü olduğunu bəyan edir.