Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” adlı beynəlxalq elmi konfrans təşkil edilmişdir.
Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin prorektoru professor Sultanbek Nurmametov çıxışında iki ölkə arasında mövcud ədəbi əlaqələrin qədim tarixə malik olduğunu qeyd edərək bu məsələdə böyük ədəbi şəxsiyyətlərin xüsusi rolunun mövcudluğunu vurğulayıb.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin direktor müavini Nadir Əlmirzəyev iki ölkə arasında ədəbi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bu sahədə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı nəşr, tərcümə layihələrinin həyata keçirildiyini, yerli və beynəlxalq elmi konfransların, seminar və mühazirələrin, konsert tədbirlərinin, sərgilərin, media-turların təşkil edildiyini vurğulayıb. Ölkələr arasında geniş əlaqələrin yaranmasında ölkə başçıların böyük şəxsi iradə nümayiş etdirdiyini vurğulayan N.Əlmirzəyev bunun eyni zamanda vətəndaşlarımız üçün də gözəl nümunə olduğunu qeyd edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən dahi şairin 530 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamın imzalandığını xatırladan N.Əlmirzəyev bununla bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin də xüsusi tədbirlər planının olduğunu qeyd edib.
Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Mehman Həsənli Azərbaycan ədəbiyyatşünaslığında həyata keçirilən tədqiqat işlərindən söz açaraq bunlar arasında daha çox Məhəmməd Füzuli və Əlişir Nəvai yaradıcılığına xüsusi yer verildiyini qeyd edib.
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini şair-publisist Qayrat Məcid öz çıxışında özbək poeziyasında Məhəmməd Füzuli şeirinin təsirindən söz açaraq uzun illər davam edən bu tendensiyanın müasir özbək poeziyasında da aydın şəkildə hiss olunduğunu bildirib.
Çıxış edən professor Nurbay Cabbarov Məhəmməd Füzuli yaradıcılığının özbək ədəbiyyatşünaslığında xüsusi yer tutduğunu və hər zaman aktual olmasından söz açaraq müasir ədəbiyyatşünaslıq tədqiqatlarında bu sahədə çox sayda elmi işlərin yazıldığını qeyd edib.
AMEA “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhramanov çıxışında Azərbaycanda Məhəmməd Füzuli əsərlərinin nəşri tarixindən söz açaraq şairin əsərlərinin ölkəmizdə geniş şəkildə nəşr edildiyini və günümüzdə də bu sahədə yeni nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.
Çıxış edən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Məhəmməd Füzuli əsərlərinin nəşri tarixindən söz açaraq bu sahədə vəziyyətin o qədər də qənaətbəxş olmadığını vurğulayıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərindən ibarət iki cildlik külliyyatın nəşrə hazırlandığını və yaxın günlərdə sözügedən nəşrin təqdimatının keçiriləcəyini bildirən K.Məmmədzadə bu layihənin böyük şairin anadan olmasının 530 illik yubileyinə layiqli töhfə olacağını bildirib.
Çıxış edənlər professor Almaz Ülvi (onlayn), professor Kemal Yavuz Ataman (onlayn), professor Boqican Toxliyev filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, şairə Xuraman Muradova (onlayn) və başqaları iki ölkə arasında ədəbi mədəni əlaqələrdən, Məhəmməd Füzuli və Əlişir Nəvai yaradıcılığından, ədəbiyyatşünaslıq məsələlərindən söz açıblar.
Beynəlxalq elmi konfrans nahar fasiləsindən sonra paraleli olaraq keçirilən dörd şöbə iclası ilə davam edib.
Süleyman