Prezident postuna seçildiyi andan ali kürsüdən verdiyi vədləri bir-bir həyata keçirib özünü nəinki xalqına, bütün dünyaya sübüt edərək sözünün əri olduğunu göstərən möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyev cənablarına bir vətəndaş olaraq güvənib, Onunla hər zaman fəxr etmişəm. Xalqının ən çətin anlarında dünyaya göstərdiyi güclü siyasi iradəsi və dəmir yumruğu ilə adını tarixə yazan Cənab Prezidentin dövlətimiz və xalqımız qarşısında xidmətləri haqqında hər kəsin qarşısında qürurla, ağız dolusu danışmışam.
Cənab Prezidentimizin dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri tək bizlər deyil, ayrı-ayrı ölkələrin vətəndaşları tərəfindən də təqdir edilir, bəyənilir.
Bunu ailəvi dostumuz, hər zaman Azərbaycana gələndə qonağımız olan xarici ölkə vətəndaşının dilindən eşitmək nə qədər də xoşdur. Günlərin birində adəti üzrə bizdə qonaq olan həmin şəxs işlərimiz, yaşayışımızla maraqlandı. Sonda mövzu 44 günlük Vətən müharibəsi oldu .
Xalqımızın ön və arxa cəbhədə qoyduğu can və sərf etdiyi əmək haqqında o qədər qürur və həyəcanla danışırdım ki, həmin günləri xatırlayaraq gözlərim doldu. Qonağımızın bir cümləsi isə məni göylərə qaldırdı.
“Biz tarix boyu sizin xalqın güclü, döyüşkən vətənpərvər olduğunu izləyə-izləyə gəlirdik. Bir də xalqın önündə, dövlətin rəhbərliyində hörmətli prezidentiniz İlham Əliyev kimi bir sərkərdənin olması sizin ən böyük uğurunuzdur. Onun dəmir yumruğu, ağlı, güclü siyasi iradəsi sayəsində artıq Azərbaycanı bütün dünya tanıyır. O xalqının arxasında möhkəm duraraq hər sahədə Azərbaycanı dünyaya tanıdıb”.
Bu sözlərdən sonra mən daha da qürurlanaraq içimdə öncə tanrıya, sonra qonağımıza təşəkkür etdim. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları, mən bu xalqın nümayəndəsi olaraq sizinlə fəxr edirəm.
Susana Məmmədova, "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri
Newscenter.az üçün