Ermənistanda siyasi vəziyyət getdikcə gərgin xarakter alır. Artıq İrəvanın Respublika meydanı aksiyaçıların daimi toplaşdığı məkana çevrilib. Polislə aksiya iştirakçıları arasında müntəzəm olaraq qarşıdurma yaşanır. Paytaxtda hərəkət məhdudlaşıb.
Newscenter.az-ın xəbərinə görə, Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Ermənistanda baş verən proseslər ölkənin suverenliyi və yaxud təhlükəsizlik qayğıları səbəbindən baş vermir:
"Bu, sadəcə uzun illərdir erməni cəmiyyətinin kökləndiyi köhnəlmiş tezislər üzərindən hakimiyyəti ələ keçirmək cəhdidir. Hazırkı hakimiyyət, yəni, baş nazir Nikol Paşinyan və komandası Azərbaycan tərəfindən Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlara uyğun olaraq addımlar atmaq istəyir. Çünki regionda iqtisadi gələcək vəd edən proseslər məhz Azərbaycanla bağlıdır. Lakin radikal erməni müxalifəti və hazırkı proseslərdə onların siyasi aləti rolunda çıxış edən erməni kilsəsi, sözdə milliyətçi fikirlərlə iki ölkə arasında münasibətlərin normallaşmasına əngəl olmaq istəyir".
AVP rəsmisi deyib ki, etirazlara öncülük edən keşiş Baqrad Qalatsanyanın Paşinyanı devirə biləcək baza və resurslara malik olmadığı bilinən reallıqdır:
"Çünki, Paşinyan İkinci Qarabağ müharibəsində məğlub olmasına rəğmən siyasi prosesləri lehinə dəyişdirə bilib və seçkilərdə qalib gəlib. Bununla paralel o, əksər çıxışlarında erməni cəmiyyətinə mövcud situasiyanı, ölkəsi üçün narahatıq yaradacaq faktları çatdıra bilib. Bu isə baş nazirə etirazlardan yararlanmaq istəyən Rusiya və bəzi Qərb qüvvələrinə qarşı mübarizə aparmaq imkanı qazandırır".
Süleyman