Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən vətəndaşa verilən hüquqlardan biri də Əmək hüququdur. Orada qeyd olunur ki, «Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır və s.»
1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 33 maddəsi məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edib və onlardan 21-i əməyin mühafizəsi və təhlükəsizliyinə aiddir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanı tikinti sektorunda, ümumən digər iş sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının təmin olunmasında mühüm addım olub. Həmçinin “Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların qəbul olunması ölkədə bu sahədə daha dolğun qanunvericiliyin formalaşmasına səbəb olub.
Respublikamızda əməyin mühafizəsi dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi yaradılıb. 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib. Müstəqilliyimiz dövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib.
Hər bir hüquq sahəsi kimi əmək hüququ da öz normalar sisteminə, yəni onların müəyyən qurğularda və institutlarda elmi cəhətdən əsaslandırılmış ardıcıllıqla yerləşməsinə malikdir. Əmək hüquq sahəsinin sistemi dedikdə daxili vəhdətdə olan əmək hüquq normalarının elmi cəhətdən əsaslandırılmış institutlar üzrə təsnifi başa düşülür. Bildiyimiz kimi bütün müstəqil hüquq sahələri kimi əmək hüqüqu da iki hissədən ibarətdir: ümumi və xüsusi. Ümumi hissələrdə elə müddəalar və normalar əks olunub ki, onlar ümumi xarakter daşıyır və bütün hüquq institutu, yaxud onların çoxuna eyni dərəcədə tətbiq edilir. Buraya norma-prinsiplər, norma-vəzifələr, əməyin tənziminin ümumi məsələləri və əmək hüquq subyektlərinin hüquqi statusu daxildir. Buraya əsasən də əmək hüququnun prinsiplərini, predmetini, vəzifələrini, əmək hüququ üzrə hüquq münasibətlərini müəyyən edən bölmələri aid etmək olar. İctimai münasibətlərin ayrı-ayrı novlərini nizama salan normalar əmək hüququnun xüsusi hissəsini təşkil edir. Bu vətəndaşların əməyinin tətbiqi ilə əlaqədardır. Xüsusi hissə məzmun etibarı ilə müxtəlif hüquq normalarını birləşdirir. Hüquq institutu dedikdə eynicinsli ictimai münasibətlərin ayrı-ayrı növlərini tənzim edən hüquq normalarının məcmusu başa düşülür. İşçiləri işə qəbul etmə, başqa işə keçirmə, işdən çıxarma qaydasını tənzim edən normalar əmək hüququnun xüsusi hissəsinin əsas, aparıcı və mərkəzi institutu olan əmək müqaviləsi hüquq institutunu təşkil edir. Əmək hüququnun xüsusi hissəsini əmək mübahisələri, əmək qanunvericiliyinə nəzarət və gözyetirmə hüquq institutları tamamlayır.
Bu gün əmək hüququnun dünyanın əksər ölkələrində pozulduğunu, insanların bütün günü yalnız zəruri ərzaq, qida ehtiyaclarını ödəmək üçün işlədiyini müşahid edə bilirik. Əmək hüquqları üçüncü dünya ölkələrində daha çox pozulsa da, inkişaf etmiş ölkələrdə də bu problemin olduğunu deyə bilərik. Ölkəmizdə də müəyyən edilmiş iş saatından artıq əməklə məşğul olan insanlar az deyil. Son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb.
Əmək qanunvericiliyinə əsasən, həftəlik iş norması 40 saatdır. Gündəlik 8 saatdan artıq işçi işləyə bilməz. Bu 40 saatdan əlavə saatda ki, işçi işləyib, bunun üçün işçi özünün saatlıq əmək haqqının iki mislindən az olmayaraq əlavə ödəniş almalıdır. Amma bu tələb pozulur. Qeyri rəsmi məlumtlara görə, Azərbaycanda 5 milyondan artıq əmək qabiliyyətli insan var, bu da o deməkdir ki, əmək qanunvericiliyinin 5 milyondan çox subyekti var. Lakin buna baxmayaraq, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində həm dövlət qurumları, həm media, həm də qeyri-hökumət təşkilatları çox az iş görürlər.
Azərbaycanda əmək hüququ pozuntusu ilə bağlı çoxsaylı problemlər olsa da, Əmək Müfəttişliyi, həmkarlar ittifaqları, dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıdırlar. Qeyd edək ki, bu sahədə qəbul edilən bir çox qanunverici aktlar, xüsusən “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanı bəzi yerlərdə icra olunmur. Bundan başqa ən çox pozuntular əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və digər hallarla bağlı olub. Hökumət özü də Azərbaycanda əmək hüquqlarının pozulması faktını inkar etmir.
BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə təşkil edilsə də Azərbaycan 12 may 1992-ci ildə BƏT-in üzvüdür, onun 57 Konvensiyasına qoşulub. Azərbaycan qanunvericiliyində nəzərdə tutulana görə, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman tam iş vaxtıdır.
Hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin gecə işinə cəlb edilməsi qanunsuzdur. Əlilliyi olan işçilər gecə vaxtı işə öz razılığı və xüsusi qurumların rəyi ilə cəlb edilə bilər. Azərbaycanın əmək bazarında problemlərdən biri, bəlkə də ən birincisi işçi ilə işəgötürən arasında müqavilələrinin bağlanmamasıdır. Tikintidə müqaviləsiz işləmə hallarını vurğulayan Prezident, 2017-ci ildə “tikintidə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı” fərman imzalayıb.
Dünyanın hər yerində müqaviləsiz çalışanlar var. Hətta Avropdada da iş adamları maraqlıdırlar ki, heç bir müqavilə bağlamadan əsasən miqrantları işə qəbul etsinlər. Amma orada elə bir stimullaşdırıcı mexanizmlər qurulub ki, işəgötürən çox böyük risk edib müqaviləsiz işçi çalışdırır. O iş adamının lisenziyası əlindən alına, biznesinə böyük cərimələr gələ, ümumiyyətlə iş həyatına son qoyula bilər. Buna görə də Avropada bu tipli riskə gedənlərin sayı azdır. Azərbaycanda isə əsasən tikintidə, ictimai iaşədə yüzlərlə, minlərlə, bəlkə də on minlərlə insan heç bir müqaviləsiz çalışırlar. Bunu da hamı bilir, amma bununla bağlı ciddi addımlar da atılmır.
Azərbaycanda əmək hüquqları pozulan şəxslərin rəsmi statistikası məlum deyil. Amma 2022-ci il ərzində müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zaman 1807 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Bir çox müəssisələrdə, bura dövlət və özəl müəssisələr də daxildir, işçilərin müxtəlif formalarda əmək hüquqları pozulur. Maaşlar gecikdirilir, əmək şəraiti yaxşı təmin olunmur, artıq iş saatı tətbiq edilir, təhlükəsizlikləri təmin olunmur, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmır, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb edə bilmir, qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə edə bilmir, ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə edə bilmir, əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb edə bilmir, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilmir, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə edə bilmir, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını ala bilmir və s. Bütün bunlar işçinin öz hüququnu bilməməsindən irəli gəlir.
Cavid
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.[spoiler][/spoiler]