Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın 30 illik işğal siyasətinin nəticələri ilə bağlı bir sıra önəmli məqamlar yer alıb. Ölkəmizin Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələri yüksək qiymətləndirdiyini və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab etdiyini bildirən dövlətimizin başçısı, transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi ilə yanaşı, dünyada etnik-dini zəmində nifrət və irqçilik meyllərinin artmasının da hamımızı narahat etdiyini qeyd edib.
Cənubi Qafqaz regionunda isə etnik-dini zəmində nifrət və irqçilik meyllərinin, ksenofobiyanın, ultramillətçilik-faşizm tendensiyalarının artmasının yeganə səbəbkarı isə məhz Ermənistan Respublikasıdır. Cənab Prezident konfrans iştirakçılarına müraciətində Azərbaycanın uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qaldığını qeyd edib. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilib. 30 ilə yaxın davam edən işğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların əksəriyyəti Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilib və kütləvi məzarlıqlarda basdırılıb. Lakin hazırkı Ermənistan hakimiyyəti rəsmi Bakının dəfələrlə çağırışlarına baxmayaraq, itkin düşmüş soydaşlarımızın sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.
Prezident İlham Əliyev həmçinin işğal dövründə Ermənistan tərəfinin xalqımıza qarşı etnik-dini zəmində kütləvi qırğınlara, insanlıq əleyhinə cinayətlərə yol verməsi ilə yanaşı, maddi-mədəniyyət abidələrimizə, məscid və qəbristanlıqlarımıza, yaşayış məntəqələrimizə, muzeylərimizə qarşı misli görünməmiş vandalizmə, barbarlığa yol verdiyini də xüsusi olaraq vurğulayıb və qonşu ölkənin bütün bu cinayətlərə görə məsuliyyət daşıdığını Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarının diqqətinə çatdırıb.
“İşğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir ”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısının ermənilərin Azərbaycan xalqına qarşı vəhşilikləri barədə fikirlərini bu günlərdə Tərəfsiz (Parlament) Jurnalistləri İctimai Birliyinin təşkilatçılığı ilə Cəbrayıla səfər edən xarici jurnalistlərin müşahidə və təəssüratları da əyani surətdə təsdiqləyir. Belə ki, həmin jurnalistlər Cəbrayılda erməni vandallığının izləri ilə də yaxından tanış olub, dağıdılan, yerlə-yeksan edilən bəzi kəndlərə baş çəkiblər. Vaxtilə rayonun ən böyük yaşayış məntəqəsi olmuş Böyük Mərcanlı kəndininin xarabalıqları xarici jurnalistlərdə erməni vandallığının miqyası barədə fikir formalaşdırıb. İşğaldan öncə 7 min nəfərdən çox sakini olmuş kənddə bircə salamat tikilinin qalmaması, xüsusilə qəbiristanlığın dağıdılması, məzarların təhqir olunması, başdaşılarının sındırılması əcnəbi jurnalistləri dəhşətə gətirib. Onlar dağıntıların miqyasının bu qədər böyük olduğunu təsəvvür etmədiklərini vurğulayıblar.
Prezidentin erməni vəhşiliklərini beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırması işğal gerçəkliklərinin üzə çıxarılmasına xidmət edir. Dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyllərinin qarşısının alınmasında və eləcə də Ermənistanın 30 illik işğalçılıq siyasətinə lazımi qiymətin verilməsində Beynəlxalq Prokurorlar Assosiasiyasının da üzərinə mühüm vəzifələr düşür. Bu mənada Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının təmsilçilərinə müraciəti onların üzərinə mənəvi məsuliyyət qoyur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri