Bir sıra hallarda hərbiçilərə verilən mülk və ya digər daşınmaz əmlakın boşanmadan sonra bölüşdürülməsində problemlər meydana çıxır. Tərəflər haqlı və haqsız olaraq həmin mülkə tam olaraq iddia edirlər. Bəs görəsən bu hüquqi baxımdan necə tənzimlənir?
Newscenter.az-ın xəbərinə görə, hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vəfa Qədirova deyib ki, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da ümumi birgə mülkiyyət hesab edilə bilər:
"Məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri də bu sıraya aiddir. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və.s) verilən əmlak bağışlama kimi qəbul oluna bilməz".
Vəkil deyib ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir:
"Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür.
Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər".
Mehman Mehdiyev