"Laçın rayonunun erməni işğalından azad edilməsinə gedən yol 2020-ci il, sentyabr ayının 27-dən başladı. Öz ənənəvi təcavüzkar siyasətini davam etdirən Ermənistan 2020-ci il, sentyabrın 27-də yenidən hücuma keçərək əlavə ərazilər zəbt etmək niyyətinə düşdü. Lakin bu dəfə düşmənin işğal planı alınmadı. Azərbaycanın Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab verərək əkshücum əməliyyatlarına başladı və 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edildi. Azərbaycanın əkshücum əməliyyatları qarşısında aciz duruma düşən və ordusu darmadağın olan Ermənistan 30 ilə yaxın işğal altında saxladığı digər şəhər və rayonlarımızı da heç bir döyüş əməliyyatı həyata keçirmədən, dinc şəraitdə tərk etməyə məcbur qaldı və Laçın rayonunu da azad etdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Laçının işğaldan azad edilməsinin dördüncü ildönümünə nəzər salarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, 1992-ci il, mayın 18-dən ermənilər tərəfindən işğala məruz qalan Laçını azad etməmək, onu nəzarətdə saxlamaq Ermənistanın əsas niyyəti idi:
"Ermənistan dövləti, eləcə də sadə ermənilər heç bir halda dərk edə bilmirdilər ki, Azərbaycan işğal edilmiş ərazilərini nə vaxtsa azad edəcək. Xüsusilə də, Şuşa, Laçın və Kəlbəcəri. Ona görə də digər ərazilərimizdən fərqli olaraq Laçında o qədər də dağıntı və vandallıqlara əl atmamışdılar. Laçında məskunlaşmanı sürətləndirirdilər ki, zaman keçdikcə onu özününküləşdirə bilsinlər. Lakin Azərbaycan liderinin qətiyyətli və müdrik siyasəti, eləcə də Azərbaycan Ordusunun rəşadəti nəticəsində Laçın da azadlığa qovuşdu və düşmən işğalından azad edildi".
Arzuman Muradlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb:
"Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib".
İctimai Birlik sədri onu da qeyd edib ki, bu gün Laçın özünün inkişaf, tərəqqi dövrünü yaşayır:
"İşğaldan azad edilən ötən 4 il müddətində Laçında geniş miqyasda həyata keçirilən quruculuq-abadlıq işləri, infrastruktur layihələri Laçının simasını dəyişib, ona yeni nəfəs verib. Laçının turizm baxımından daha əlverişli bir mövqeyə sahib olduğunu nəzərə alaraq deyə bilərəm ki, tezliklə Laçın dünyada əlverişli turizm məkanı kimi tanınacaq".
Süleyman