"Ermənistan öz yurd-yuvalarından zorla qovulmuş qərbi azərbaycanlıların doğma torpaqlara qayıtmasını təmin etməlidir. Təəssüflər olsun ki, İrəvan bunu təmin etməməkdə israrlı görünür və bununla da beynəlxalq hüquq normalarını pozur".
Newscenter.az xəbər verir ki, bunları "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı son vaxtlar bəzi erməni rəsmilərin ermənilərin Qarabağa qayıdışının vacibliyi barədə səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan dövləti erməniləri Qarabağdan zorla çıxarmayıb və onlara rəsmi Bakı hər cür şərait yaratmasına baxmayaraq onlar könüllü şəkildə Qarabağı tərk ediblər:
"Ermənistan dövlətindən fərqli olaraq rəsmi Bakı hər zaman bəyan edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək ərazimizdə yaşaya, vətəndaşlarımız kimi bütün hüquq və imtiyazlardan istifadə edə, yararlana bilərlər. Ancaq Azərbaycan tərəfinin bu humanist addımına baxmayaraq ermənilər könüllü şəkildə Qarabağı tərk etməyə üstünlük verdilər".
Arzuman Muradlı qeyd edib ki, Ermənistan ermənilərin Qarabağa qayıdışını istədiyi kimi. qərbi azərbaycanlıların da doğman yurdlarına qayıtmasına şərait yaratmalıdır:
"Çünki qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir. Beynəlxalq hüquqi aktlarda qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtması öz əksini tapır. Ona görə də Ermənistan zəhmət çəkib beynəlxalq hüquq və normalara əməl etməlidir".
Süleyman