Hər il Azərbaycan xalqı May ayının 18-ni Laçının işğal günü kimi qeyd edirdi. Bu gün artıq Laçın bizimdir, biz Laçına qayıtmışıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi. Noyabrın 9-u artıq Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi.
Laçın rayonu Azərbaycanın tarixi abidələrlə zəngin, füsunkar təbiətə malik bölgələrindən biridir. Digər rayonlarımız kimi, Laçının da bütün tarixi abidələrini ermənilər vəhşicəsinə dağıdaraq talan ediblər. Beynəlxalq hüququ pozaraq burada məskunlaşdırma siyasəti həyata keçiriblər.
İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi işğalçılar tərəfindən talan və məhv edilib.
Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında böyük quruculuq və abadlıq işləri həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. 2025-ci ildə bu Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə birləşdirir. Burada aeroportun tikilməsi olduqca əhəmiyyətlidir və ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəyi ilə yanaşı, turizm potensialının artırılmasına da səbəb olacaq.
Laçın Azərbaycanın ən gözəl bölgələrindən birinə çevrilib. Laçınlılar o gözəl torpaqlarda yeni həyata başlayıblar.
Ceyhun Məmmədov, Milli Məclisin deputatı