"Əsrlər boyu öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıların 1987-1991-ci illərdə etnik təmizləmə nəticəsində öz dədə-baba yurdlarından didərgin düşürülməsindən, növbəti deportasiyaya məruz qalmasından yarım əsrə yaxın vaxt keçir. Qərbi azərbaycanlı soydaşlarımız bu illər ərzində Azərbaycanda Ermənistan Respublikasının vətəndaşları kimi qaçqın statusu ilə yaşayıblar. Lakin onların daimi olaraq qaçqın kimi yaşaması mümkün deyil. Çünki bu, qaçqınlarla bağlı beynəlxalq konvensiyalara da, insan haqqları normalarına da ziddir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib
Hüseynov deyib. O bildirib ki, Qərbi azərbaycanlıların "əbədi qaçqınlıq" statusu ilə yaşamaq fikirləri yoxdur:
"Qərbi azərbaycanlılar öz hüquqlarını yaxşı bilirlər. Onların öz torpaqlarına qayıtması beynəlxalq hüququn tələbidir və bu qayıdış bir gün mütləq baş tutacaq. Bu şəxslərin hüquqlarının təmin olunması beynəlxalq hüququn subyekti kimi Ermənistan dövlətinin borcudur, öhdəliyidir. Ermənistan hakimiyyəti Qərbi azərbaycanlıların qayıdışını əngəlləyə bilməz.
44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqaz regionundakı reallıqları kökündən dəyişməklə yanaşı, Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi üçün yeni imkanlar yaradıb. Ona görə də Qərbi Azərbaycana qayıdış istiqamətində addımlar atılması bu gün bizim üçün ən önəmli, prioritet vəzifələrdən birinə çevrilib. Bu, dövlətimiz üçün də, xalqımız üçün də ümumilli, strateji məsələdir".
Komitə sədri deyib ki, Azərbaycan dövləti qaçqınlarla bağlı beynəlxalq hüquqi aktlara, normativlərə əsaslanaraq Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsi üçün səylərini artırır:
"Burada söhbət şübhəsiz ki, birmənalı olaraq dinc qayıdışdan gedir. Dövlətimiz Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına nail olmaq istəyir. Ermənistanın deportasiya, etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından didərgin düşən azərbaycanlılar da öz haqqlarını tələb edirlər. Ona görə də Ermənistan dövləti Qərbi azərbaycanlılar qarşısında hüquqi və mənəvi məsuliyyətini dərk etməlidir. Rəsmi İrəvanın bu məsələ ilə bağlı hər hansı spekulyasiya etmək imkanı da yoxdur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Qərbi Azərbaycana qayıdış mexanizminin işə düşməsi qaçılmaz olacaq".
Süleyman