4 dekabrda Sumqayıt şəhərində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, DK Agency və Turan Restoranlar Şəbəkəsinin birgə təşəbbüsü ilə yaradılan "Turan Qastroturizm Akademiyası" MMC-nin təntənəli açılış mərasimi keçiriləcək.
Newscenter.az xəbər verir ki, tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı, TİKA Başqanı Serkan Kayalar, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
Açılış nitqi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev akademiyanın yaradılmasının əsas məqsədləri və gələcək hədəfləri barədə məlumat verəcək.
"Məktəb-Sənaye Əməkdaşlığı Sumqayıt Modeli" çərçivəsində fəaliyyət göstərəcək akademiya, şəhərdə işsizliyin azaldılması və xidmət sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək strateji bir layihə olaraq planlaşdırılıb. TİKA-nın təmin etdiyi müasir mətbəx avadanlıqları və təchizat dəstəyi sayəsində, gənclərə beynəlxalq standartlara uyğun peşə təhsili veriləcək.
Akademiya üç əsas bölmədən ibarət olacaq:
İlham Sahəsi: təlim zalı, kitabxana və studiya
Tətbiq Sahəsi: praktik məşğələ otaqları və tədris mətbəxi
Təcrübə Sahəsi: restoran və satış bölməsi
Akademiyanın əsas hədəfləri isə xidmət sektorunda məşğulluğun artırılmasına töhfə vermək, şəhərin qastroturizm potensialını inkişaf etdirmək, beynəlxalq standartlara uyğun təlim proqramları həyata keçirməkdir.
Rəsmi nitqlərdən sonra qonaqlar akademiyanın təlim otaqları və tətbiq sahələri ilə tanış olacaqlar.
Süleyman