Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai şuraların tərkibinin formalaşdırılmasına və fəaliyyətinə yanaşma konsepsiyası dəyişməlidir

İctimai şuraların tərkibinin formalaşdırılmasına və fəaliyyətinə yanaşma konsepsiyası dəyişməlidir


Bəzi qərb ölkələrinin səfirlikləri (ilk növbədə isə ABŞ və Fransanın Bakıdakı diplomatik strukturları) ölkəmizin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etmək üçün hər fürsətdən, hətta ən kiçik imkandan belə yararlanmağa çalışırlar. Milli Məclis tərəfindən "İctimai iştirakçılıq haqqında" qanunun qəbul edilməsindən sonra isə sözügedən səfirliklərin Azərbaycanın iç işlərinə qarışmaları üçün sanki daha bir əlverişli imkan yaranıb. Belə ki, bu istiqamətə diqqət yetirməyə başlayan səfirliklər əvvəllər radikal müxalifət partiyalarının və müxalifyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) üzərindən ölkədaxili ictimai-siyasi proseslərə təsir göstərməyə çalışırdılarsa, indi də bu işi müxtəlif dövlət qurumları yanında fəaliyyət göstərən İctimai şuraların vasitəsilə davam etdirməyə çalışırlar.

Bəzi Qərb səfirlikləri Azərbaycanda İctimai şuralarda təmsil olunan ictimai fəalları, QHT nümayəndələrini ələ almaq, onları yönləndirmək məqsədilə müxtəlif şirnikləndirici vasitələrə əl atmaqdan, şantaj və təzyiq üsullarından istifadə etməkdən də çəkinmirlər. Azərbaycan Milli QHT Forumunun İctimai şuraların formalaşdırılmasında yol verilən pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair yaydığı bəyanatda da qeyd olunub ki, Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar daxil olur.

Bu kimi xoşagəlməz hallar təbii ki, İctimai şuraların özlərinin də fəaliyyətlərinin nəzarət altına alınmasını və onların yenidən təşkil edilməsi məsələsini zərurətə çevirir. Başqa sözlə desək, İctimai şuraların tərkibi və fəaliyyəti ciddi şəkildə monitorinq olunmalıdır. Bu, İctimai şuralar sektorunda "lövbər" salan təsir agentlərini, vasitəçi şəxsləri filtrasiya etməyə, şəffaflığı təmin etməyə imkan yarada bilər. Əlbəttə, mövcud İctimai şuralarda milli dövlətçilik şüuruna malik, Azərbaycanın maraqlarını hər şeydən üstün tutan vətənpərvər insanlarımız da çoxdur. Lakin milli maraqlarımızı hər an satmağa hazır olan bəzi şəxslərin İctimai şuralara sızması onların da səmərəli fəaliyyətinə əngəllər yaradır.

Qərb səfirliklərinin öz balanslarında olan avtomobilləri və ya digər "hədiyyə"ləri bağışlamaq yoluyla şirnikləndirib ələ aldıqları İctimai şura üzvü olan QHT fəalları sözsüz ki, sabah bu "hədiyyə"lərin əvəzini ödəmək üçün "sponsor"larının - xarici səfirliklərin istənilən anti-Azərbaycan tapşırığını canla-başla yerinə yetirəcəklər. "Əl əli yuyar, əl də üzü" sxemi üzrə hərəkət edən bu adamların ictimai asayiş və milli təhlükəsizliyimiz üçün potensial təhdid mənbəyinə çevrilməsi mümkündür.

Ona görə də İctimai şuraların tərkibinin formalaşdırılmasına və fəaliyyətinə yanaşma konsepsiyası dəyişməlidir. İctimai şuraların təşkili zamanı yol verilmiş qanun pozuntuları araşdılmalıdır. Milli QHT Forumunun məlum bəyanatında qeyd olunduğu kimi İctimai şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır. Şuraların tərkibi xarici səfirliklərin rəğbətini və dəstəyini qazanmaq istəyən fürsətçi şəxslərin yox, Azərbaycan xalqının və dövlətinin mənafelərini düşünən sağlam əqidəli insanların hesabına formalaşdırılmalıdır. Bu, çox önəmli məsələdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş