“İntellektual Klubların V Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Newscenter az xəbər verir ki, respublikanı əhatə edən ölkənin ən böyük intellektual turnirinin zona finalları yekunlaşıb.
Seçimlərdə ümumilikdə 500-dən artıq komanda öz intellektual gücünü sınayıb zona finalına keçid haqqı qazanıblar. Rayonlar və şəhərlər üzrə ilkin mərhələnin qalib komandaları bu mərhələdə zonalar üzrə yarışıblar. Regionlarda keçirilən seçim turundan ümumilikdə 100 komanda zona finalı mərhələsinə keçid edib. Gərgin bilik mübarizəsinin sonunda isə intellektual bacarıqları ilə fərqlənən 10 komanda Bakıda 2 gün ərzində keçiriləcək möhtəşəm final mərhələsində iştirak haqqı qazanıblar. Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunları keçiriləcək.
Təşkil edilən turnirin əsas məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etmək olub. Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinə görə gənclər arasında təbliğinə turnirdə xüsusi önəm verilib.
Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondu intellektinə güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.
Süleyman