Qazaxıstanda özəl məktəblərin yanğına və sanitar normalara uyğunluğu yoxlanılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkənin Ali Hesablama Palatasının tapşırığına əsasən, dövlətdən adambaşına maliyyələşən özəl təhsil müəssisələrində sanitar, yanğın və digər normalara riayət olunmasının kompleks yoxlanışı aparılıb.
Bundan əvvəl Ali Auditor Palatası orta təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsinin dövlət auditini həyata keçirib. Audit zamanı bəzi özəl təhsil müəssisələrində mövcud qanunvericiliyin normalarının pozulması halları aşkar edilib.
Ümumilikdə 542 belə təhsil müəssisəsində plandankənar yoxlama aparılıb.
Nəticədə, 436 məktəbdə 5219 yanğın təhlükəsizliyi və sanitar normaların pozulması faktı aşkar edilib. Bu pozuntulara görə ümumilikdə 82 milyon tengedən çox cərimə tətbiq edilib, 611 məsul şəxs inzibati məsuliyyətə cəlb edilib.
Mehman Mehdiyev