"Reket" dediyimiz media vəsiqəsi gəzdirənlər elə şərait yaradıb ki, özümüzə "jurnalist" deməyə utanırıq.
Newscenter.az xəbər verir ki, bunu Aznews.az saytının təsisçisi və baş durektoru Taleh Şahsuvarlı deyib. O qeyd edib ki, bu, bir reallıqdır və kökü dərindədir:
"Vəziyyətdən çıxmaq üçün müxtəlif həllər təklif olunur və reallaşdırılır. Bunlar lazımdır, Hər kəsin bir fikri var, mən də səhv edə bilərəm. Amma mənim fikrimcə, vəziyyəti dəyişmək istəyiriksə, reyestr məsələsində israrlı olmalıyıq. Bəli, dünyada bunun da müxtəlif modelləri var, bunlar müzakirə oluna bilər. Bizim ölkəmizdə ən optimal həll indiki şərtlərdə qüvvədə olan qanundur. Amma sözümün canı bunda deyil. Sözümün canı ondadır ki, biz media olaraq digər peşə sahibləri yanında özümüzü gülünc vəziyyətdə qoymalı deyilik".
Taleh Şahsuvarlı qeyd edib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb, protestin təmin olunmaması ilə protestin qismən təmin olunması arasındakı fərqi izah edib:
"Bu cür elementar səhvlərə yol vermək olmaz. Yol verməmək üçün də hüququn elementar anlayışlarını bilmək lazımdır. Məsələn, məhkəmənin həbs qətimkan tədbiri seçməsi hələ vətəndaş barədə ittiham hökmü çıxarılması demək deyil. Hətta birinci instansiya məhkəmələrinin ittiham hökmü çıxarması da təqsirləndirilən şəxsin hələ cinayətkar olması demək deyil. Hökm qanuni qüvvəyə minənə qədər hər kəs təqsirsizlik prezumpsiyası altındadır.
Protest - dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir.
Şikayət — prosessual hərəkətlərin və ya prosessual qərarların qanunsuz, yaxud əsassız olduğu barədə cinayət prosesini həyata keçirən orqana ünvanlanmış yazılı müraciətdir.
Məhkəmənin hökmü - şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır".
Süleyman