Nəsib Məhəməliyev: "2025-ci ildən əsas gözləntim, Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır"
Artıq 2024-cü il başa çatmaq üzrədir. Yola salmaqda olduğumuz il belə demək mümkünsə bütün parametrlər üzrə ölkəmiz üçün uğurlu oldu. Bəs görəsən 2024-cü il daha çox nə ilə yadda qaldı? Eləcə də 2025-ci ildən gözləntilər nədir? Bu və digər suallarla Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik.
-Nəsib müəllim, 2024-cü il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün nə dərəcədə uğurlu və ya uğursuz il oldu?
-Başa çatmaqda olan 2024-cü il Azərbaycan üçün kifayət qədər uğurlu il oldu, deyə bilərik. İqtisadi cəhətdən ÜDM artım tendensiyası, makroiqtisadi sabitlik hökm sürür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri davam edir. Keçmiş məcburi köçkünlər yurdlarına qayıdır. Ən əsası isə, ölkəmizdə müharibə yoxdur, insanlar həyatını itirmir, ictimai-siyasi sabitlik qorunur.
-2024- cü ildə Azərbaycanın həyatında ən yadda qalan hadisə Sizcə nə oldu?
-2024-cü il bir çox əlamətdar hadisələrlə yaddaşlara həkk olundu. Fevral ayında prezident, sentyabr ayında parlament seçkiləri baş tutdu. Hər iki seçkinin özəlliyi, tarixdə ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi idi. İyul ayında, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Zirvə Görüşü Şuşada keçirildi və ilk dəfə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti dəvət olundu. Ən çox yadda qalan hadisə isə, şübhəsiz COP 29 oldu. Kütləviliyinə, mahiyyətinə görə, belə bir möhtəşəm tədbirin paytaxtımızda keçirilməsi, əldə olunan nəticələr, ölkəmiz və planetimiz üçün son dərəcə əhəmiyyət kəsb edir.
-Bəs, 2025-ci ildən gözləntiləriniz nədir?
-2025-ci ildən əsas gözləntim, Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. 200 illik separatizmə son qoyuldu. Arzu edirəm ki, 2025-ci il böyük sülh müqaviləsinin imzalandığı, regionda barışığın, əmin-amanlığın bərpa olunduğu il kimi tarixə düşsün. Dayanıqlı sülh olarsa, bütün digər məsələlər həllini tapar.
-Nəsib müəllim, bəzi gözlənilənlərdən fərqli olaraq bu il Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün olmadı. Sizcə, 2025-də sülh müqaviləsinin imzalanması mümkündürmü?
-Sülh müqaviləsinin imzalanması, Ermənistandan və onun himayədarlarından asılıdır. Azərbaycanın mövqeyi şəffafdır. Ermənistan konstitusiyasında dəyişiklik etməli, qonşu ölkələrə qarşı ərazi iddialarını özündə ehtiva edən maddələri çıxarmalı, ATƏT-in Minsk qrupunun buraxılması ilə müraciət etməli, Avropa İttifaqı müşahidəçiləri ilə birlikdə sərhəddəki provakativ davranışlara, beynəkxalq müstəvidə qarayaxma, böhtan kompaniyasına son verməlidir.
Süleyman İsmayılbəyli