"Azərbaycan və Türkiyə Qərb ölkələrindən fərqli olaraq Gürcüstanın daxili işlərinə qarışmamaqla, hakimiyyətlə müxalifət arasındakı mübarizədə tərəf tutmamaqla doğru strategiya aparırlar. Azərbaycan və Türkiyə üçün önəmli olan Gürcüstanda sabitliyin bərqərar olmasıdır, Bakı və Ankara qonşu ölkədə xaosun davamını istəmirlər. Azərbaycan və Türkiyənin regional layihələri Gürcüstandan keçir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, söhbət illik milyardlarla dollar maliyyə vəsaitindən gedir:
"Gürcüstanta yaşayan yüzminlərlə azərbaycanlının təhlükəsizliyi də bizim üçün vacibdir. Bununla yanaşı Gürcüstanda mübarizə aparan qüvvələr arasında prosesə qarışmaq olmaz. Çünki, bu mübarizədə kimin üstünlük qazanacağı bəlli deyil, Azərbaycan və Türkiyə Gürcüstanda istənilən hakimiyyətlə strateji tərəfdaşlığı davam etdirəcəklər. Gürcüstanda da hakimiyyət olan istənilən qüvvə Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki, bu ilk növbədə Gürcüstanın milli və təhlükəsizlik maraqlarına cavab verir. Gürcüstan Rusiya ilə yaxınlğı və ya Avropa İttifaqına inteqrasiyanı seçəcəksə, bu onun daxili işidir".
Anar Əliyev