Hər zaman ermənipərəst mövqeyi ilə fərqlənən və PKK/YPG terror qruplaşmaları ilə əməkdaşlıq edən Bəşər Əsəd rejiminin süquta uğraması Türkiyə ilə yanaşı Azərbaycanın da mənafelərinə uyğundur. Biz Suriyanın devrilmiş rəhbərliyinin İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış etməsini, eləcə də beynəlxalq təşkilatlarda Ermənistanla bağlı qətnamələrin qəbul edilməsinə mane olmaq cəhdlərini hələ də yaxşı xatırlayırıq. Əsəd rejimi Azərbaycana qarşı təcavüzkar, terrorçu və soyqırımçı mövqedən çıxış edən Ermənistanı yaxından dəstəkləyirdi.
Biz Ermənistanın “demokrat”ik baş naziri Nikol Paşinyanın öz xalqının qanını tökən Bəşər Əsədi 2021-ci il prezident seçkilərində "qələbə" münasibətilə təbrik etməsini və Əsədin vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsinə, dialoqun başlanmasına yönəlmiş "səylər"ini yüksək qiymətləndirməsini də unutmamışıq. Paşinyanın bu cür "odlu-alovlu" təbriki Əsəd rejiminin Ermənistanla olan dərin əlaqələrindən irəli gəlirdi. Ona görə də İran, Suriya, Livan və s. kimi terroru dəstəkləyən ölkələrlə əməkdaşlıq etməkdən çəkinməyən "qərbpərəst" Ermənistan hakimiyyətinin bu gün Əsəd rejiminin çökməsindən məyus olması anlaşılandır. Bəşər Əsədin Dəməşqdən qaçıb Rusiyaya sığınması Ermənistan üçün həqiqətən də ağır zərbə oldu. Ermənistanın müttəfiqləri və dostlarının sayı sürətlə azalır.
Bu arada rəsmi Bakı isə Suriya dövlətinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan Respublikası Suriyada baş verən prosesləri diqqətlə izləyir və bu istiqamətdə Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Eyni zamanda, ölkəmiz qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır. Bu faktı Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı vurğulayıb. Belə ki, dekabrın 10-da baş tutan sözügedən telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, eləcə də Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət xüsusilə geniş müzakirə olunub və Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan da bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Ankaranın prosesdə aktiv rol oynaması heç şübhəsiz ki, Suriyada sabitlik dövrünün başlayacağına ümidləri artırır. Azərbaycan da bu istiqamətdə qardaş Türkiyə ilə birlikdə əlindən gələni edəcək. Suriyada vəziyyətin sabitləşməsi hər iki ölkənin maraqlarına uyğundur. Bu ölkədə vəziyyət sabitləşəndən sonra Suriya ilə diplomatik münasibətlərin bərpa olunması, iqtisadi əməkdaşlığın inkişafı, mədəni əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaranacaq.
Suriyada çoxlu sayda soydaşlarımız - türkmənlər yaşayır. Onlarla mədəni-humanitar əlaqələrimizin qurulması vacibdir. Eyni zamanda, Hələb şəhərində yerləşən Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin Hələbdəki məzarı bizi birləşdirən tarixi, mənəvi dəyərlərdən biridir. Hərbi münaqişənin davam etdiyi müddətdə böyük dağıntılara məruz qalmış Hələbdə ulu şairimizin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətinin daim diqqət mərkəzində olub. Suriyada vəziyyət sabitləşəndən sonra həmin məqbərədə bərpa-restavrasiya işlərinin aparılması bizim üçün olduqca önəmlidir. Ümumən, Hələbin bərpa olunmasında da yaxından iştirak edə bilərik. Beləliklə, Azərbaycanın işğaldan azad olunmuş Qarabağda sərgilədiyi quruculuq mövqeyi Suriyada da davam edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri