Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon Ağsaqqallar Şurasının sədrləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, qeyri-hökumət təşkilatlarının rəhbərləri, şəhid ailələri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır. Natiq nəzərə çatdırıb ki, bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Həmçinin bildirib ki, Azərbaycançılıq şüurunun inkişafı, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.
Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirdi ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Xüsusi vurğuladı ki, o dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, gənclərin xaricə təhsil alması üçün göndərilməsi, ixtisaslı kadrların formalaşması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyev uzaqgörənliyinin bariz nümunəsidir.
Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev xilaskar ömrü” adlı filmə baxılıb.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlı ədəbi-bədii qiraətlə, incəsənət xadimlərindən xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.
Ruhiyyə Mehdiyeva