"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verən cənab Prezident İlham Əliyev Ermənistanın silahlanması və silahlandırılması mövzusunda vacib fikirlər səsləndirdi. Dövlət başçısı sözügedən prosesdə Fransanın rolunu geniş şəkildə şərh etdi.
Fransa keçmiş Minsk qrupunun həmsədri olaraq İkinci Qarabağ Müharibəsi başlayandan bəri fəal sürətdə anti-Azərbaycan kompaniyası həyata keçirir. Rəsmi Paris Avropa təsisatları və bir çox Qərb dövlətlərinin üzərində basqı quraraq ölkəmizə qarşı qərəzli qərarların və fikirlərin səsləndirilməsini həyata keçirir. Bu, Yelisey Sarayının özü-özünü inkar siyasətinin təzahürüdür. Azərbaycana münasibətdə bütün dövlətlər bilməlidir Fransa heç bir münaqişənin həllində vasitəçi olacaq potensiala və neytrallığa sahib ölkə deyil.
Keçən dövr ərzində Makron administrasiyası Ermənistan ordusunun modernizasiyasında aparıcı mövqe tutmuş və İrəvanı müxtəlif tip hücum silahları ilə təmin etmişdir. Bunların sırasına Sezar özü yeriyən artilleriya sistemləri, Mistral portatif hava hücumundan müdafiə sistemləri, dron və antidron sistemləri, zirehli texnikalar və müxtəlif tip radar kompleksləri daxildir.
Fransa mövcud şərtlər daxilində regionda sülhün və təhlükəsizliyin təmin edilməsində ən böyük əngəllərdən biri olduğunu hər fürsətdə təsdiq edir. Onlar Nikol Paşinyan üzərində hakimiyyət qurmaqla Ermənistanın xarici siyasət addımlarını idarə edirlər. Bu, birmənalı olaraq belədir. Yəni, İrəvan konteksində dəyişən sadəcə olaraq adlardır.
Lakin, Ermənistanın böyük dəstəkçisi Emanuel Makron, artıq özünü səriştəsiz və bacarıqsız biri kimi tanıdıb. Onun beynəlxalq münasibətlər sistemini lazımı səviyyədə bilməməsi Fransanın Afrika başda olmaqla bir çox regionda güc itirməsi ilə nəticələnib. Məhz bu səbəbdən Makron Ermənistan vasitəsilə Şərq və Qərb arasında strateji mövqeydə yerləşən Cənubi Qafqaza nüfuz etməklə itirdiklərini kompensasiya etmək istəyir.
Buna görə də Ermənistanı silahlandırır və qüvvələr balansını İrəvanın lehinə dəyişdirmək arzusu ilə hərəkət edir. İki ölkə arasında qüvvələr balansını eyniləşdirmək isə praktiki olaraq mümkünsüz bir şeydir. 44 günlük müharibə Ermənistan ordusunda kard çatışmazlığına yol açdı və biz bura demoqrafik böhranı da əlavə etsək Fransanın istəyi sadəcə arzu olaraq qalır. Digər tərəfdən isə İrəvana verilən silahlarla da vəziyyəti dəyişmək mümkün deyil. Çünki Azərbaycan da öz növbəsində silah inventarını yeniləyir və artırır. Bununla yanaşı ölkədə yerli istehsal genişləndirilməsi istiqamətində müstəsna işlər görülür.
Bütün bunlar baş verə biləcək hər hansı bir mənfi ssenariyə hazırlıqlı olmağımız mənasına gəlir. Yəni, bütün hallarda itirən yenə də Ermənistan olacaq.
Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri