Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək

2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək


2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Dövlətimizin başçısının bu qərarını başa çatmaqda olan 2024-cü ilin ən önəmli hadisələrindən, mühüm yekunlarından biri kimi qiymətləndiririk. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qanunauyğunluğun nəticəsidir. Konstitusiyamızın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizin 5-ci ildönümü məhz 2025-ci ilə təsadüf edir. Beləliklə, Ana Yasamızın təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün baş qanunumuzun qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olması üçün əsaslı zəmin yaradır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətçiliyimizin möhkəmləndirilməsi, genişmiqyaslı qanunvericilik və institusional islahatlarının aparılmasının əsasını təşkil edib:

"Prezident İlham Əliyevin sözügedən Sərəncamında vurğulandığı kimi 30-cu ildönümünü qeyd etməyə hazırlaşdığımız bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb.

Həmçinin Sərəncamda o da qeyd olunub ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Son 30 ildə keçib gəldiyimiz şərəfli yol və əldə etdiyimiz uğurlar, qələbələr bu arzumuzun gerçəkləşdiyini göstərir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Konstitusiyamızın təntənəsidir. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək".

Süleyman
Xəbəri paylaş