2024-cü ildə növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilən səmərəli təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü işlər həyata keçirilib.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması, məktəb-icma münasibətlərinin genişləndirilməsi və digər istiqamətlərin hər biri diqqətdə saxlanılıb.
Ümumi statistika
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 694 təhsil müəssisəsi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 511 391 şagirdin təlim-tərbiyəsi ilə 30 110 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 41 176, IX siniflərində 45 859, XI siniflərində 32 841, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 148 nəfər təhsil alır.
Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir
2024-cü ildə BŞTİ-nin tabeliyindəki 341 məktəbəqədər təhsil müəssisəsinə 36 006 uşaq cəlb olunub.
Həmçinin təqvim ilində paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Belə ki, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və Alim Məmmədov adına) əsaslı təmirdən sonra istifadəyə verilib. Həmçinin 3 yeni məktəbəqədər təhsil müəssisəsi (347, 348 və 349) fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri aparılıb.
22 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsində 1048 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 22 698 uşaq cəlb olunub.
47 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 170 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Birinci sinfə elektron qeydiyyat prosesi
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilib.
Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçiriblər.
67 paytaxt məktəblisi olimpiadada qalib olub
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 67 paytaxt məktəblisi qalib olub.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 16 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.
Fənn müsabiqələrində 35 şagird qalib olub
Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IX Respublika Fənn Müsabiqələri keçirilib. Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə keçirilən müsabiqələrin final mərhələsinin nəticələrinə əsasən, 35 nəfər qalib olub. Qalib şagirdlərdən 10 nəfər qızıl, 8 nəfər gümüş, 17 nəfər isə bürünc medala layiq görülüb.
Məntiq Olimpiadasında 14 paytaxt məktəblisi fərqlənib
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 14 paytaxt məktəblisi qalib olub. Onlardan 4 nəfər qızıl, 5 nəfər gümüş, 5 nəfər isə bürünc medalın sahibi olub.
52 məzun qızıl və gümüş nişana layiq görülüb
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2024-cü ildə 52 məzun qızıl və gümüş nişanla başa vurub.
Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 37-si qızıl, 15-i gümüş nişana layiq görülüb.
3 320 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 3 320 nəfər fərqlənmə attestatı ilə başa vurub.
Onlardan 1 383 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 1 937 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.
17 000 mindən çox şagird təmayül sinifdə təhsil alır
BŞTİ-nin tabeliyindəki 196 təhsil müəssisəsində təşkil edilən 836 təmayül sinifdə 17 424 şagird təhsil alır.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
İcma əsaslı məktəbəqədər təhsil qruplarına 834 uşaq cəlb olunub
BŞTİ-nin tabeliyindəki 18 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 834 uşaq cəlb olunub.
30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərir
Bakı şəhəri üzrə ümumilikdə 175 şagird inklüziv təhsilə cəlb edilib.
Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.
Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
603 şagird fərdi təhsil alır
BŞTİ-nin tabeliyindəki 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub.
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
İşə qəbul üzrə 2 533 vakansiya təqdim olunub
2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 533 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib.
Bunlardan:
- 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
- 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
Həmçinin təqvim ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib. 185 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi nəticəsində işə qəbul olunub.
140 nəfər müxtəlif vəzifələrə işə təyin edilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 3 nəfər psixoloq, 33 nəfər laborant, 5 nəfər kitabxanaçı və kitabxana müdiri, 2 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 17 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 6 nəfər təsərrüfat işləri üzrə direktor müavini 2024-cü il ərzində ərzində işə təyin edilib.
202 nəfər işə qəbul hüququ qazanıb
Məktəbəqədər təhsil müəssisələrinə müdir və tərbiyəçi müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqələr keçirilib.
Müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 33 nəfər müdir, 169 nəfər isə tərbiyəçi müəllim vəzifəsinə işə qəbul hüququ qazanıb.
Məktəb idarəçiliyi
2024-cü təqvim ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 21 nəfər direktor vəzifəsinə təyin olunub, 13 direktorun iş yeri dəyişdirilib.
Çalışmanın yaş həddinə çatmış 26 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Təhsilverənlərin orta aylıq əmək haqqı
2024-cü təqvim ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib.
6 701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Təqvim ili ərzində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.
4000-ə yaxın tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirmədə iştirak edib
Paytaxtın məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmənin test mərhələsi keçirilib. Qiymətləndirmədə 3 944 tərbiyəçi-müəllim və metodist iştirak edib
Qeyd edək ki, ilk dəfə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən heyətin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.
Paytaxtın bütün məktəblərində şagird davranış qaydaları tətbiq olunur
BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” tətbiq olunur.
Həmçinin, şagird davranış qaydaları tətbiq olunan 48 məktəbdə keyfiyyət sorğusu aparılıb və sorğuların nəticələrinə əsasən təkliflər hazırlanıb.
Ümumi təhsil məktəblərində çevik inspeksiyalar həyata keçirilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çevik inspeksiyalar keçirilib.
İnspeksiyaların məqsədi ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.
Məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər
BŞTİ-nin tabeliyindəki məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib.
Monitorinqlər təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək, məktəbəqədər və məktəbdənkənar təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, qrup və dərnəklərdə şagird davamiyyətinin yoxlanılması, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədlərinə xidmət edib.
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
2024-cü ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 14 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Belə ki, 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmli, 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəyli, 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədli, 299 nömrəli məktəb-liseyin şagirdi Nərmin Ağazadə, 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli tam orta məktəbin şagirdləri Jalə Xasıyeva və İlkin Əliyev, 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəli, 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova, 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmli, “Ankara məktəbi” məktəb-liseyin şagirdi Məhəmməd Əliyev 300 bal toplayıblar.
380 mindən çox şagird üçün monitorinq keçirilib
Paytaxt məktəblərində təhsil alan 387 700 şagird üçün müxtəlif fənlər üzrə monitorinqlər keçirilib.
Belə ki, 78 513 nəfər VIII və IX sinif şagirdi üçün buraxılış fənləri, 97 299 IV və VI sinif şagirdi üçün tədris dili və riyaziyyat fənləri, 169 123 nəfər IV, V, VI, VII və VIII sinif şagirdi üçün ana dili, 42 765 nəfər III sinif şagirdi üçün isə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinq təşkil olunub.
Monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsi, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının təhlil edilməsi, adları qeyd edilən fənlərin tədrisi vəziyyətinin ölçülməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.
31 məktəbdə keçirilən keyfiyyət monitorinqinin nəticələri təhlil edilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində keçirilən 31 keyfiyyət monitorinqinin hesabatları meyar cədvəli üzrə təhlil olunub və nəticələr təhsil müəssisələrinə təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı keçirilən 22 monitorinqin nəticələri də təhsil müəssisələrinə göndərilib.
Qiymətləndirmə prosesinin təhlili ilə bağlı yeni resurs hazırlanıb
Məktəbdaxili qiymətləndirmə prosesinin təhlili üçün elektron resurs hazırlanaraq təhsil müəssisələrinə təqdim edilib.
Resursun əsas üstünlüyü tapşırıqların səviyyələrə bölünməsi və balların differensiallaşdırılması, şagirdlərin nəticələrinin məzmun və bal təhlili imkanlarının olması, yekun qiymətləndirmə protokolunun mexaniki olaraq hazırlanmasından ibarətdir.
Sağlamlıq və təhlükəsizlik: 45 məktəbdə monitorinq aparılıb
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə BŞTİ-nin tabeliyindəki 45 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.
“Təhsil müəssisələrində sağlamlıq və təhlükəsizlik” istiqamətində aparılan monitorinqlər zamanı şagirdlərin nizam-intizamı, davamiyyət və punktuallığı, məktəb binasının təhlükəsizliyi, sanitar-gigiyenik vəziyyət və məktəblərdə həyata keçirilən təhlükəsizlik tədbirləri yoxlanılıb.
Həmçinin məktəblərin VI-IX sinif şagirdlərinə və onların valideynlərinə sorğular təqdim edilib.
Bakıdakı 191 təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir
“Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 191 təhsil müəssisəsini və 380 000 şagirdi əhatə edir. Həmin müəssisələrdə layihənin 206 əməkdaşı çalışır.
2024-cü təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.
Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.
45 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir
Paytaxtdakı 45 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur. BŞTİ-nin tabeliyindəki 10, 19, 24, 44, 64, 87, 88, 97, 116, 117, 119, 120, 123, 138, 142, 143, 146, 166, 171, 172, 179, 181, 185, 194, 201, 208, 209, 213, 228, 234, 242, 259, 262, 265, 266, 274, 293, 297, 301, 302, 306, 318, 321, 327, 329 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
BŞTİ tərəfindən 14 layihə həyata keçirilib
BŞTİ tərəfindən təqvim ili ərzində təhsil müəssisələrində 14 layihə həyata keçirilib.
“Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “İdmansevərlər”, “Ədibin Evi”ndə", “Valideyn-müəllim-şagird üçbucağı”, “Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi”, “Məktəblinin yay mütaliəsi” və “Məktəblinin yay istirahəti” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Eyni zamanda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagird heyəti Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM, “Məktəblərdə Məhəmməd Füzuli ayı” və “CEREBRY” layihələrində də fəal iştirak edib.
Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub.
Bakı məktəbliləri “Əlaçı”, “Yeddi şüşə” və “Qızıl açar” televiziya layihələrində mütəmadi olaraq iştirak edirlər.
BŞTİ tərəfindən 10 müsabiqə və olimpiada keçirilib
BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələri arasında 10 müsabiqə və olimpiada təşkil edilib.
Paytaxt məktəbləri arasında keçirilən III Bakı Elm Olimpiadası, “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsi, “Gənc hüquq müdafiəçiləri”, “Düşünən şagird”, “Sağlam təhsil mühiti - kreativ yanaşmalar”, “Məktəb virtual məkanda” müsabiqələri, “Şahin” hərbi-idman oyunu, “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı, "Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” XlI respublika uşaq yaradıcılıq müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi, “Məktəblilərin respublika çempionatı”, İqtisadiyyat müsabiqəsi, “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, “Qərbi Azərbaycana qayıdış”, Lütfi Zadə adına Məntiq Olimpiadası, “Bilbacar” müsabiqəsi fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.
Paytaxt üzrə 107 qrant layihə
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində paytaxt üzrə qalib olan 56 layihənin icrası reallaşdırılıb. Həmçinin VIII qrant müsabiqəsində 51 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
Şagirdlər Heydər Əliyev irsini öyrənir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” ilə bağlı dərslər keçirilir.
Ümumi təhsil məktəbləri ilə yanaşı, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin inzibati rayonları üzrə Heydər Əliyev Mərkəzlərində və Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında da keçirilən dərslərdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və görkəmli ziyalılar iştirak edir.
215 məktəbdə STEAM layihəsi tətbiq edilir
BŞTİ-nin tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 6 043 sinif üzrə 168 530 şagirdi əhatə edir.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında 64 şagird fərqlənib
Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 7 nəfər I, 23 nəfər II, 18 nəfər III yerə layiq görülüb. 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.
267 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur
Paytaxtın 267 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 8 885 sinif üzrə 246 565 şagirdi əhatə edir.
Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.
Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.
“Kiçik Akademiya”lara 17 000-dən artıq şagird cəlb olunub
İl ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 17 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib.
Paytaxtın inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə “Kiçik Akademiya”ların hesabat konfransları keçirilib.
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
27 000-dən çox məktəbli “Bilim Bakı”ya cəlb olunub
Paytaxtın 307 məktəbindən 27 520 şagird “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunub.
Ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.
Paytaxt məktəbliləri “Deneyap” laboratoriyasında
2023-2024-cü tədris ili ərzində 80 nəfər paytaxt məktəblisi “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən "Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına cəlb olunub. Məktəblilərə XXI əsr bacarıqlarını inkişaf etdirməyə imkan verən bu laboratoriyada şagirdlər dizayn və istehsal, robototexnika və kodlaşdırma, aviasiya və kosmik texnologiyalar, nanotexnologiya və materialşünaslıq, süni intellekt, kibertəhlükəsizlik, mobil tətbiq və digər texnoloji sahələr üzrə əhatəli təhsil alırlar.
Qeyd edək ki, “Deneyap” proqramına qəbul olmuş 80 nəfər şagird təlim mərhələsini uğurla başa vuraraq artıq 3-cü tədris ilinə, yəni komandalaşma dövrünə qədəm qoyublar. Eyni zamanda, 2024-cü il imtahanlarında yüksək nəticə göstərən 80 yeni şagird də laboratoriyada təhsil almağa başlayıb.
Bu layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının təlim proqramlarında IV-VII sinif şagirdlərini əhatə edir. Layihənin məqsədi, şagirdlərə müasir texnologiyalar sahəsində dərin biliklər qazandıraraq, onları gələcəyin innovativ liderlərinə çevirməkdir.
2000-ə yaxın şagird "Yay məktəbi"ndə
BŞTİ-nin tabeliyindəki 68 təhsil müəssisəsində "Məktəblinin dostu"nun təşkilatçılığı ilə "Yay məktəbi" keçirilib. V-VIII siniflər üçün keçirilən "Yay məktəbi"nə 2000-ə yaxın paytaxt məktəblisi qatılıb.
“Yay məktəbi”nin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdan ibarətdir.
Paytaxt təhsili beynəlxalq arenada
Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanda təşkil olunan Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.
Paytaxtın 157 nömrəli tam orta məktəbinin şagirdi Həsən Vəliyev Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilmiş turnirdə və Moldovanın paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) gümüş medala layiq görülüb.
“Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautikov olimpiadasında bürünc medal əldə edib. Məktəbli, həmçinin Bolqarıstanın Şumen şəhərində baş tutan informatika fənni üzrə beynəlxalq turnirdə gümüş medala layiq görülüb. Məktəb-liseyin şagirdi Rəvan Nəcəfli isə İran İslam Respublikasının İsfahan şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) həvəsləndirici mükafatına layiq görülüb.
Həmçinin 30 paytaxt məktəblisi “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasının final turunda uğur qazanıb.
Paytaxt məktəbliləri idman yarışlarında 4 951 medal qazanıb
Təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 971 qızıl, 1 491 gümüş, 1 489 bürünc olmaqla, ümumilikdə 4951 medal əldə ediblər.
Paytaxt məktəbləri “Yaşıl dünya naminə həmrəylik ili”ndə
BŞTİ və onun tabeliyindəki təhsil müəssisələri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
Belə ki, paytaxt məktəbliləri arasında festival, konfrans, simpozium, akademik seminar, olimpiada, bilik yarışları, müsabiqə və ağacəkmə aksiyaları keçirilib.
Təhsil müəssisələrində COP29-la bağlı tədbirlər
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar (COP29) BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində iqlim həlləri və innovasiyalara yönəlmiş praktik seminarlar və hakatonlar, iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyaları, sərgilər, mühazirələr, sənədli filmlərə baxış, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirmə görüşləri, “Açıq dərs”, “Dəyirmi masa”, intellektual müsabiqə, debat, yarış və sosial aksiyalar keçirilib.
Həmçinin təhsil müəssisələrində “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda “Dəyirmi masa”lar və “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimatlar təşkil edilib.
Bundan əlavə, ümumi təhsil müəssisələrinin şagird və müəllim kollektivinin birgə əməkdaşlığı ilə ekoloji guşələr, “Yaşıl sinif”lər yaradılıb.
14 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib
BŞTİ tərəfindən 14 275 müəllimi əhatə edən təlimlər keçirilib.
Məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, məktəb idarəetməsində data əsaslı yanaşma, tədrisdə differensial yanaşma və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib.
Həmçinin İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər və sertifikasiya prosesi ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub
Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.
Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər və ekskursiyalar
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, İKT sahəsində savadlılığın artırılması, reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirici tədbirlər keçirilib.
Eyni zamanda, təqvim ili ərzində 9 000-dən çox şagirdin Heydər Əliyev Mərkəzinə, STEAM İnnovasiyalar Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunub.
Ruhiyyə Mehdiyeva