Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, Azərbaycanın birinci şərtinin yerinə yetirilməsi deməkdir

Bu, Azərbaycanın birinci şərtinin yerinə yetirilməsi deməkdir


Prezident İlham Əliyevin bu gün Bakı–Qroznı reysini yerinə yetirərkən vurulan və Aktauda qəza enişi edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin yüksək peşəkarlıq və böyük şücaət göstərmiş ekipaj üzvlərinin vida mərasiminə qatılması, eyni zamanda, onların yüksək adlarla təltif olunması haqqında Sərəncam imzalaması cəmiyyət tərəfindən böyük təqdirlə qarşılandı. Bu, hamımızın gözləntisi idi. Ən yeni tariximizdə əsl qəhrəman kimi iz qoyan ekipaj üzvlərinin doğmaları, yaxınları bu gün tək olmadıqlarını bir daha hiss etdilər. Onlar dövləti, dövlət başçısını ən çətin məqamlarında öz yanlarında gördülər.

Prezidentin sərəncamına əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Zatən vətəndaşlarımız arasında da belə bir rəy, belə bir əminlik vardı ki, Cənab Prezident onların misilsiz fədakarlığını, yüksək peşəkarlığını, əzm və cəsarətlərini yüksək qiymətləndirəcək. Belə də oldu. Biz bunu Prezident İlham Əliyevin dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərindən də gördük, hiss etdik. Belə ki, dövlət başçısı sözügedən müsahibəsində ekipaj üzvlərinin həm peşəkarlığını, həm də fədakarlığını yüksək qiymətləndirdi: "Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu".

Prezident İlham Əliyev müsahibəsində ayrıca olaraq qadın ekipaj üzvlərinin də (Hökumə Əliyeva və Aydan Rəhimli) dəyanətini, fədakarlığını xüsusilə vurğuladı: "Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stress vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin". Cənab Prezident bu açıqlamasındakı vədinə elə bu gün dərhal əməl etdi, Hökumə Əliyevaya (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, Aydan Rəhimlinin isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzaladı. Bu, həm dövlətin öz insanına, öz vətəndaşına diqqətinin göstəricisidir, həm də dövlət başçısının sözü ilə əməlinin vəhdət təşkil etdiyini nümayiş etdirir.

Prezidentin müsahibəsində təyyarəmizin Rusiyanın HHM sistemləri tərəfindən vurulmasından sonrakı proseslər barədə və Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdləri ilə bağlı səsləndirdiyi fikirlər də ölkəmizin prinsipial mövqeyini ortaya qoydu və eyni zamanda, Azərbaycanın müstəqil siyasət yürüdən bir dövlət olduğunu bir daha isbatlamış oldu. Dövlətimizin başçısı ismarıc verdi ki, Rusiya və Azərbaycan müttəfiq dövlət olsalar da, lakin münasibətlərdə şəffaflıq, dürüstlük, obyektivlik olmalıdır və səhvlərin ört-basdır edilməsinə qətiyyən yol verilməməlidir. Əksinə, belə kritik məqamlarda məsuliyyət daşıyan tərəf səmimi davranmalı və üzərinə düşən addımları atmalı, yol verilən səhvin, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması üçün səy göstərməlidir. Lakin əfsuslar olsun ki, biz Rusiyanın timsalında bunu görə bilmədik. Prezidentin qeyd etdiyi kimi biz ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədik.

Ancaq Rusiyanın bu cür qeyri-obyektiv davranışı bizi əsla ruhdan salmadı. Azərbaycan rəhbərinin sərgilədiyi qətiyyətli mövqe və ictimai qınaq öz müsbət nəticəsini verdi. Rusiya tərəfi nəhayət ki, vəziyyətin ciddiyətini anlayaraq ilk addımını atdı və Vladimir Putin İlham Əliyevə zəng vuraraq üzr istədi. Bu, Azərbaycanın birinci şərtinin yerinə yetirilməsi deməkdir. Qarşıdakı günlərdə və ya həftələrdə digər tələblərimizin də yerinə yetiriləcəyinə əminik. Söhbət həlak olan ekipaj üzvlərinin və sərnişinlərin ailələrinə təzminatın ödənilməsindən və günahkarların cəzalandırılmasından gedir. İnşAllah bunlar da olacaq. Azərbaycan öz hədəflərinə nail olmağı bacarır. Çünki ilk növbədə bizim güclü Liderimiz var. Dövlətimizin başçısı kritik məqamlarda, fövqəladə situasiyalarda çevik, prinsipial və qətiyyətli addımlar atmaqla prosesləri Azərbaycan üçün xeyirli istiqamətə yönəldə bilir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş