"İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə baş verən və faciəvi şəkildə iki nəfərin həyatına son qoyan yol-nəqliyyat hadisəsi bizi dərindən sarsıdır. İlk növbədə, dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu cür hadisələr hər kəsi kədərləndirir və heç kim belə faciələrin yaşanmasını arzulamaz".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Azər Yadigaroğlu səsləndirib. O bildirib ki, bu insidenti siyasiləşdirmək, Azərbaycan polisinin şərəfli fəaliyyətinə kölgə salmaq və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri yolverilməzdir:
"Hadisə baş verdiyi andan etibarən aidiyyəti qurumlar məsələni nəzarətə götürüb və İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb. Ədalət prinsipləri çərçivəsində istintaq aparılacaq və məsuliyyət daşıyan hər kəs qanun qarşısında cavab verəcək".
Azər Yadigaroğlu bildirib ki, Azərbaycan polisi ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, dövlətimizin sabitliyini qoruyan əsas dayaqlardan biridir:
"Bəzi ünsürlərin bu hadisədən sui-istifadə edərək ictimai rəyi çaşdırmaq və polisə qarşı nifrət yaratmaq cəhdləri açıq-aşkar milli birliyimizi sarsıtmaq məqsədi güdür. Ancaq hər kəs bilməlidir ki, belə təxribatlara imkan verilməyəcək, Azərbaycan cəmiyyəti birliyini qoruyacaq və haqq-ədalət mütləq yerini tapacaq.
Biz qanunun aliliyinə inanırıq və hər kəsin hüquq qarşısında bərabər olduğuna əminik. Məsələ hüquqi müstəvidə araşdırılmalı, obyektiv qərar verilməli və cəmiyyətimiz bu cür süni gərginliklərə sürüklənməməlidir".
Süleyman