Sabah Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan Üçtərəfli Görüşü keçiriləcək.
Newscenter. az trthaber-ə istinadən bildirir ki, üçtərəfli görüşdə iştirakçı dövlətlərin xarici işlər, ticarət və nəqliyyat nazirləri iştirak edəcək.
Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, eləcə də nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu görüşə qatılacaq.
İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev; Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziri Bəxtiyar Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat-kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Qeyd edək ki, sözügedən formatda birinci görüş 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.
Mehman Mehdiyev