
"Kreml ABŞ və İran arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu açıqlayıb. Təklif Vaşinqtonu Tehranı nüvə proqramı ilə bağlı danışıqlara başlamağa çağırdığı, əks halda hərbi əməliyyatlara əl atacağı ilə hədələdiyi bir vaxta təsadüf edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, biz iranlı həmkarlarımızla daimi məsləhətləşmələr aparırıq. Tehran dünən Ağ Evin birbaşa danışıqlar təklifini yenidən rədd edərək, yalnız vasitəçi təmaslara hazır olduğunu vurğulayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O deyib ki, Rusiyanın vasitəçilik təklif etməkdə 2 əsas məqsədi var:
"Birincisi, Rusiya ABŞ-in Ukrayna üzrə danışırlarda vasitəçi rolunu tarazlamaq istəyir. Moskvada yaxşı başa düşürlər ki, əgər ABŞ-in vasitəçi ilə sülh əldə edilərsə bu zaman Vaşinqton öz maraqlarının sülh müqaviləsində əks olunmasını təmin edəcək. Digər tərəfdən Rusiya ABŞ qarşısında iqtisadi güzəştlərə getməyə məcbur ola bilər. Başqa bir məsələ isə bundan sonra Rusiyanın ABŞ qarşısında diplomatik zəiflik yaşamasıdır".
Politoloq hesab edir ki, Donald Tramp hər nə qədər rəsmi Moskvanın mənafeyinj müdafiə etsə də, Rusiya postsovet məkanındakı bir ölkə ilə arasında vasitəçinin ABŞ olmasını istəmir:
"Rəsmi Moskvanın vasitəçiliyə həvəsli olmasının ikinci səbəbi isə İrana müdaxilənin Rusiyaya sərf etməməsidir.i Sərhədləri daxilində böyük müharibə onsuz da iqtisadi vəziyyəti gərgin olan Rusiyanın daha pis vəziyyətə düşməsinə səbəb ola bilər. Eyni zamanda İrana qarşı müdaxilə dünya neft bazarında təlatümə, həmçinin böyük qaçqın kütləsinin əmələ gəlməsinə səbəb ola bilər ki, bunlar Moskvaya sərf etmir. ABŞ İranla problemi maksimum özbaşına həll etmək istəyir. Ancaq Rusiya İrana təzyiqi göstərir ki, Tehran və Vaşinqton arasında vasitəçisiz danışıqlar mümkün deyil".
Anar Əliyev