
"Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Prezident cənab İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri cənab Viktor Orbanın dəvəti ilə bu dost ölkəyə etdiyi işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında strateji tərəfdaşlığın nümunəsi kimi qiymətləndirilə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural Məmmədov səsləndirib. O deyib ki, Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub:
"2004-cü ildə Azərbaycanın Budapeştdə, 2009-cu ildə isə Macarıstanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr davamlı şəkildə inkişaf edir.
Bundan əlavə, parlamentlərarası əməkdaşlıq da yüksək səviyyədədir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da qanunverici orqanlar arasında münasibətlərin dərinləşməsinə töhfə verir".
Hakim partiya təmsilçisi deyib ki, Azərbaycan-Macarıstan əməkdaşlığı 2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib və hazırda münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin edir:
"Sənəd ölkələrimiz arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər".
Anar Əliyev